Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbələri üçün növbəti maarifləndirici tədbirlərindən birini keçirib
Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov belə bir tədbirin keçirilməsinin zərurətdən yarandığını qeyd edib: “İİV/QİÇS mövzusu təkcə bizim deyil, eyni zamanda bəşəriyyətin problemidir. Doğrudur, xəstəliyə qarşı mübarizədə xeyli işlər görülməsinə baxmayaraq, bu istiqamətdə maarifləndirmə işinin aparılmasına da ehtiyac var.
Bu gün Mərkəzin direktor müavini Günəş Cəfərova “Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət və xəstəliyin idarə edilməsində müasir yanaşmalar” mövzusunda çıxış edəcək.
Direktor müavini öncə tədbirin keçirilməsinə yaratdığı şəraitə görə, universitet rəhbərliyinə təşəkkürünü bildirib. İİV/QİÇS mövzusunun təkcə ölkəmiz üçün deyil, eyni zamanda bəşəriyyət üçün aktual və qlobal problemlərdən biri olduğunu qeyd edib: “ Dünyada İİV virusundan 40 milyona yaxın insan əziyyət çəkir. Onlardan antiretrovirus terapiyaya, yəni müalicəyə cəlb olunmuşların sayı 30.7 milyon nəfər təşkil edir. Hər il İİV-ə yeni yoluxanların sayının artması qeydə alınır. Təəssüf ki, təkcə 2022-ci ildə dünyada yeni yoluxanların sayı 1.3 milyona çatıb, İİV-ə yoluxmuşlar arasında QİÇS-lə əlaqəli ağırlaşmaların nəticəsində ölüm halları olub. Ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya məkanında yerləşməsinə, qonşu ölkələrə nisbətən bizdə əhalinin sayının çox olmasına baxmayaraq, aparılan əks-epidemik, profilkatik tədbirlər sayəsində ölkəmizdə İİV yayılma və xəstəliyin göstəricisinə görə ən aşağı səviyyədədir”.
G.Cəfərova ölkəmizdə epidemioloji vəziyyətlə də bağlı məlumat verib. O, respublikada ilk dəfə İİV-in 1987-ci ildə aşkar olunduğunu və həmin dövrdən etibarən rəsmi qeydiyyatın aparıldığını bildirib: “Ötən ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərlkəzində 12 min 226 nəfər qeydiyyata alınıb. Onların 97 faizini ölkə vətəndaşları təşkil edir. Bu illər ərzində dünyasını dəyişənlərin sayı isə 1540 nəfərə çatıb. Ötən ilin sonuna olan məlumata görə, İİV-lə yaşayanların sayı 10 min 324 nəfərdir. Onların 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir. Ən çox yoluxma hallarına isə 25-49 yaş qrupunda olanlar arasında rast gəlinir. Amma təəssüflər olsun ki, xəstəliyə yoluxma halı gəncləşib. 17 yaşadək olanlar arsında bu göstərici 1.8 faiz, xəstəliyin son mərhələsində yaşayanlar isə 21 faiz təşkil edir”.
Direktor müvininin çıxışından məlum olub ki, xəstəliyin ineksiyon narkotik istifadəçiləri arasında yoluxma halları əvvəlki illərdə daha çox müşahidə edilib. Amma aparılan profilkatik proqram və tədbirlər sayəsində həmin qruplar arasında yoluxma hallarının faizi xeyli aşağı düşüb, son illər cinsi yolla yoluxma faizi üstünlük təşkil edib.
O, həmçinin ölkəmizdə aparılan anonim müayinlərdən də söhbət açıb. Müayinələrin hazırda hərtərəfli həyata keçirildiyini bildirib: “Respublikanın bütün struktur və bölkmələrində İİV-ə müayinə üçün hər cür şərait yaradılıb. Mərkəzin tabeliyində anonimliyi qorunmaq şərtilə 10 ədəd regional laboratoriya fəliyyət göstərir. İctimai yerlərdə səyyar müayinələr də aparırıq”.
Tədbir zamanı Mərkəzin direktoru Famil Məmmədov və müavini Günəş Cəfərova verilən sualları ətraflı şəkildə cavblandırıb. Növbəti müayinələrdən birinin ATU-da təşkil olunacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.