Mayın 29-30-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransı və “Cərrahi və mama-ginekoloji problemlərə multidisiplinar yanaşmalar” Beynəlxalq elmi-praktik konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin adını daşıyan muzeyi ziyarət ediblər.
Tədbirdə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən 120-dək yüksək ixtisaslı həkim-mütəxəssis iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tibb fakültəsi haqqında videoçarx təqdim olunub.
Tədbirin açılışında rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasını muxtar respublikada səhiyyənin inkişafında önəmli dönüş nöqtəsi kimi qiymətləndirib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində tibbi kadrlara olan zəruri ehtiyacları nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1999-2000-ci tədris ilində Naxçıvan Dövlət Universitetində baza ali tibb təhsilinin əsası qoyulub, universitetə böyük və əvəzsiz etimad göstərilib.
Bu günədək Tibb fakültəsində mindən artıq həkimin məzun olduğunu qeyd edən Elbrus İsayev hazırda fakültədə 9 ixtisas üzrə, o cümlədən SABAH qruplarında Azərbaycan və ingilis dili bölmələrində 2000-dən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb: “2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura hazırlığı başlanıb və bu gün fakültədə 33 ixtisas üzrə 88 rezident təhsil alır. Ümumilikdə isə bu günədək rezidentura üzrə məzun sayı 109 nəfər təşkil edib. Tələbə və rezident məzunlar arasından isə 226 nəfəri xarici ölkə vətəndaşı olub”.
Fakültənin məzunlarının dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərdiyini, ölkəmizi layiqincə təmsil etdiyini qeyd edən rektor Tibb fakültəsinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb, bütün inkişaf dövrlərində dövlət dəstəyinin olduğunu diqqətə çatdırıb.
Rektor Elbrus İsayev dövlət başçısının 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” haqqında Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində tibb elmləri proqramlarının tətbiqinin prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib, bu əsasda universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib.
Rektor 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə bu ixtisas üzrə 21 nəfərin qəbul olunduğunu, ölkə universitetləri arasında da ilk dəfə “Tibb” ixtisası üzrə SABAH qrupları yaradıldığını vurğulayıb.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. 25 il öncə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasını gələcəyə hesablanmış tarixi hadisə kimi dəyərləndirən rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti və NDU arasında əlaqələr Əməkdaşlıq Memorandumu ilə rəsmiləşib, ortaq layihələr ilə davamlı şəkildə möhkəmlənib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Tibb fakültəsinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb.
Videotəqdimatla çıxış edən Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev NDU ilə əməkdaşlığın davamlı fəaliyyətlərə yol açdığını ifadə edib.
Qarabağ Universiteti klinikasının direktoru Samir Babayev NDU ilə işbirliyinin qurulmasını, Tibb fakültəsinin 25 il ərzində qazandığı təcrübələrin paylaşılmasını yüksək qiymətləndirib.
Türkdilli Dövlətlərin Tibb Cəmiyyətlər Birliyinin sədri Serkan Eroğlu, Sakarya Universitetinin Tibb fakültəsinin dekanı Fatih Altıntorpak, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elmar Rzayev Tibb fakültəsinə fəaliyyətində uğurlar arzulayıblar.
Sonra bir qrup həkimə fəxri adlar və nişanlar təqdim olunub.
Naxçıvan Dövlət Universitetinin incəsənət kollektivi və Tibb fakültəsinin tələbələrinin iştirakı ilə hazırlanmış bədii hissə təqdim edilib.
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransında 3 istiqamət üzrə 3 paneldə 10 müəssisə tərəfindən 38 müəllifin təqdim etdiyi 23 məqalə üzrə bölmə iclasları olub.
Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransının bölmə iclaslarında isə 27 elm-təhsil müəssisəsi tərəfindən 7 panel üzrə 92 məruzəçi tərəfindən təqdim olunan 87 məqalə dinlənilib.
İki gün ərzində davam edən konfransların sonunda iştirakçılara sertifikatlar verilib.
“Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” adlı Beynəlxalq Elmi-praktik konfrans dünyada cərrahiyyə və ginekologiyanın aktual məsələlərinin müzakirəsi ilə yanaşı, Naxçıvan MR-də də səhiyyənin bu istiqamət üzrə problemlərinin həlli yollarının axtarılması, düzgün istiqamətlərin verilməsi, yeni texnologiyaların və müasir metodların tətbiqi baxımından da diqqət çəkib.
Qeyd edək ki, konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikası Perinatal, Naxçıvan Sağlamlıq və Referans Naxçıvan Tibb mərkəzlərində ödənişsiz tibbi aksiyalar təşkil olunub.