1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə uşaq sağlamlığının təminatı və rifahının yüksəldilməsi məqsədilə silsilə səhiyyə tədbirləri keçirilib
Bu tədbirlər balacaların fiziki və psixoloji inkişafına dəstək olmaq, valideynləri maarifləndirmək və cəmiyyətin diqqətini bu həyati məsələyə yönəltmək məqsədi daşıyıb.
Tədbirlər çərçivəsində genetik, psixoloji və qidalanma faktorlarının qarşılıqlı təsiri nəticəsində yaranan, fərdin sosial ünsiyyət, davranış və idrak qabiliyyətlərində müxtəlif dərəcədə çətinliklərlə özünü büruzə verən nevroinkişaf pozuntusu, uşaq sağlamlığında qidalanmanın əhəmiyyəti və bu sahədə mütəxəssis əməkdaşlığının rolu kimi aktual mövzularla bağlı ekspert çıxışları təqdim edilib.
“Autizm spektr pozuntusu: Genetik, psixoloji və nutrisional faktorların interdisiplinar təhlili” mövzusunda elmi-praktik konfransda autizm spektr pozuntusunun genetik, psixoloji və nutrisional aspektləri müzakirə edilib. Mütəxəssislər autizmin səbəbləri, erkən diaqnostika və müdaxilə metodları barədə təqdimatlar ediblər. Xüsusilə, autizmli uşaqlarda qidalanma məsələləri və bu sahədə aparılan araşdırmalar diqqət mərkəzində olub.
Tədbirin əsas təqdimatçılarından olan Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Neyroinkişaf pozuntuları olan pasiyentlərin bioetik problemləri” mövzusunda elmi əsaslara söykənən, eyni zamanda humanist yanaşma ilə zənginləşdirilmiş məzmunlu təqdimatla çıxış edib. Alim belə pasiyentlərin tibbi müdaxilələrə razılıq vermə qabiliyyətinin qiymətləndirilməsində həkim, ailə və cəmiyyət arasında bioetik balansın qorunmasının vacibliyini vurğulayıb. Təranə xanım qeyd edib ki, neyroinkişaf pozuntusu olan uşaqların diaqnostika və müalicə prosesində onların ləyaqətinin və hüquqlarının qorunması, razılıq prosesinin şəffaf şəkildə təşkil edilməsi əsas etik prinsiplərdəndir. Pediatr, həmçinin tibb işçilərinin bu sahədə etik dilemma və peşəkar məsuliyyətlə üz-üzə qaldıqları hallarda, beynəlxalq bioetik meyarların tətbiqinə və multidissiplinar yanaşmanın gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Təqdimatda xüsusilə qeyd olunub ki, neyroinkişaf pozuntulu uşaqlara göstərilən tibbi xidmətlər təkcə klinik effektivlik deyil, həm də sosial ədalət, fərdi fərqliliklərə hörmət və inklüzivlik prinsipinə əsaslanmalıdır.
Tədbirdə səmərəli təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri dəyərləndirilib və konfransın sonunda iştirakçılara sertifikat və təşəkkürnamələr təqdim edilib.
Sonda, valideynlərinin razılığı əsasında autizm spektr pozuntusu olan uşaqların iştirakı ilə təşkil olunmuş bədii hissə təqdim olunub. Onların ifasında səhnələşdirilən musiqi və rəqs nömrələri böyük rəğbətlə qarşılanıb, bu uşaqların yaradıcı potensialı, daxili aləminin zənginliyi və cəmiyyətə inteqrasiya imkanlarının bir daha aydın şəkildə nümayişinə çevrilib. Bədii hissə cəmiyyətin diqqətini bu xüsusi uşaqların imkanlarına və sosial dəstəyə ehtiyaclarına yönəltmək baxımından da mühüm əhəmiyyət daşıyıb.
***
Yeni Klinikada təşkil olunan "Milli Pediatriya Məktəbi – Pediatr və nutrisioloq: Sağlam gələcək üçün güclü tandem" adlı növbəti elmi-praktik konfransda isə pediatriya və uşaq nutrisiologiyası sahəsində ən müasir yanaşmalar, aktual problemlər və effektiv həll yolları əhatəli şəkildə müzakirə edilib. Tədbirdə ölkənin tanınmış mütəxəssisləri tərəfindən uşaq sağlamlığında qidalanmanın əhəmiyyəti, erkən müdaxilənin vacibliyi və profilaktik yanaşmalar kimi aktual mövzularda məruzələr təqdim edilib.
Konfransda tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Uşaq qidalanmasının müasir aspektləri: qidalanma dəstəyindən bioetik təhlükəsizliyə qədər” mövzusunda elmi biliklərə, praktiki təcrübəyə və beynəlxalq yanaşmalara əsaslanan məzmunlu təqdimatla çıxış edib.
Pediatr alim qidalanmanın bütün təzahürlərində əsas faktorları sadalayıb, bunların kifayət qədər qidalanmama (arıqlama, boy artımı və çəki azlığı), vitamin və ya mineral çatışmazlığı, artıq çəki, piylənmə və bununla bağlı qeyri-infeksion xəstəliklər olduğunu bildirib. Qeyd edib ki, 5 yaşa qədər uşaqlarda ölüm hallarının demək olar ki, yarısı qidalanma ilə bağlıdır. Bu halların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir.
Alim qida təhlükəsizliyinin qidalanma və ərzaq təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlı olduğunu deyib: “Hər il təqribən 600 milyon insan, dünya üzrə təxminən hər 10 nəfərdən biri çirklənmiş qidaları qəbul etdikdən sonra xəstələnir və 420.000 nəfərə qədər ölüm halı baş verir. Qida ilə yoluxan xəstəliklər səhiyyə sistemlərini gərginləşdirməklə və milli iqtisadiyyatlara, turizmə və ticarətə zərər verməklə sosial-iqtisadi inkişafa mane olur”.
Təranə xanım uşaqlarda erkən dövrdə düzgün qidalanmanın gələcək sağlamlıq və koqnitiv inkişaf baxımından əhəmiyyətini vurğulayaraq, Ümumdünya Səhiyyə Təşkilatının önəm verdiyi “İlk 1000 gün” strategiyasına, həmçinin ölkəmizdə tibb təhsilində bioetikanın tətbiqi kimi aktual və strateji əhəmiyyət daşıyan mövzulara toxunub.
Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub, iştirakçılar 6 DTT (davamlı tibb təhsili) balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim edilib.
***
Bu silsilədən daha bir səhiyyə tədbiri “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənin hüququn – sənin gəncliyin!” adı ilə Sumqayıt şəhərində baş tutub.
Tədbirdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağı-zadə, deputatlar Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Günay Ağamalı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt üzrə sektor müdiri İman Ağayev, təhsil işçiləri, valideynlər, şagirdlər, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi hissədə çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, xüsusilə də Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizə əmanət övladlarını təbrik edib, onlara sağlam, sevgi dolu və işıqlı gələcək arzulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti uşaqların hüquqlarının qorunması, onların təhsil, sağlamlıq və rifahının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür. Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri bu siyasətin əsasını təşkil edir və bu yanaşma Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çoxşaxəli layihələr – xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və sosial inteqrasiyasına verilən dəstək yüksək dəyərləndirilib.
Çıxışının sonunda Hicran Hüseynova belə əhatəli və məqsədyönlü tədbirin təşkilinə verdikləri töhfəyə görə ilk öncə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağı-zadəyə, Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Yaqubovaya, eləcə də əməyi keçən bütün iştirakçılara təşəkkürünü bildirib.
Millət vəkili, eyni zamanda, xüsusi təşəkkürlərini tədbirdə istedad və bacarıqları ilə seçilən balaca iştirakçılara – məktəblilərə ünvanlayıb. Qeyd edib ki, onların parlaq çıxışları tədbirə xüsusi rəng və mənəvi dəyər qatıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları, məktəb müəllimləri və digər natiqlər uşaq hüquqları, sosial müdafiə, sağlamlıq və təhsil sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə möhkəm qanunvericilik bazası formalaşıb və bu sahədə atılan addımlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Daha sonra məktəblilər “Yaşa, Azərbaycan!”, “Uzun dərə” rəqsi və “Ana Vətən” adlı ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Səhnədə səsləndirilən “Xoşbəxt olsun uşaqlar!” devizi ilə uşaqlara xoş arzular ünvanlanıb.
Tədbirin sonunda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.