ATU-nun tələbələri genişmiqyaslı qaçış yarışında fərqləniblər

İyunun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə səhiyyə işçiləri arasında növbəti genişmiqyaslı qaçış yarışı keçirilib

Xatırladaq ki, “Sağlamlığa Doğru Qaç!” layihəsi 17 iyun – Tibb işçilərinin peşə bayramına həsr olunaraq, ölkəmizin tibb işçiləri arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, asudə vaxtın səmərəli təşkili, həmkarlar arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

Tədbirdə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının tabeliyində fəaliyyət göstərən Bakı, Sumqayıt, Abşeron, Şuşa və Zəngilan rayonundan olan 70-ə yaxın tibb müəssisəsindən 500 nəfərə yaxın səhiyyə işçisi, o cümlədən, Azərbaycan Tibb Universiteti, 1 nömrəli Bakı Tibb, 2 nömrəli Bakı Tibb və Sumqayıt Tibb kolleclərində təhsil alan tələbələr iştirak ediblər.

Kişilər arasında ATU-nun tələbələri Vüsal Seyidov I yer, Toğrul Abdullayev III yeri tutublar. Qadınlar arasında tələbəmiz Məhsa Palar I yer, Zülfiyyə Məmmədli II yeri  qazanıb. Qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılmaqla yanaşı, Xankəndi şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Tədbirin bədii hissəsində Şaban Cəfərov “Azərbaycan” mahnısını, Azərbaycan Tibb Universitetinin tələbələrindən ibarət “Çinar” rəqs ansamblı isə “Yallı rəqsi”ni təqdim edib.