ATU-nun Tədris Cərrahiyyə Klinikasında Rezidentura və magistratura şöbəsi və II Mamalıq və ginekologiya kafedrasının təşkilatçılığı ilə rezidentlər üçün “Hamiləlik dövründə qaraciyər xəstəliklərinə sistemli yanaşma" mövzusunda seminar keçirilib
Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov tədbir iştirakçılarını salamlayaraq klinikanın Mamalıq və ginekologiya şöbəsinin xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini deyib. O, hamiləlik dövründə qaraciyər xəstəliklərinin aşkar olunmasının klinik əhəmiyyətindən danışaraq, bu xəstəliklərə sistemli yanaşmaya dair məruzənin rezidentlər üçün faydalı olacağına əminliyini vurğulayıb.
Kafedranın müdiri, professor Hicran Bağırova seminarda müzakirə olunacaq mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, hamiləlik dövründə qaraciyər xəstəliyi hamiləliyin gedişatına təsir göstərərək, preeklampsiya, vaxtından əvvəl doğuş və perinatal ölüm kimi mamalıq ağırlaşmaları riskini artırır: “Xüsusən, ağır preeklampsiya, hamiləliyin kəskin yağlı qaraciyəri (AFLP) hamilə qadınlarda “kəskin qarın” sindromuna səbəb ola bilər. AFLP qarın ağrısı, ürəkbulanma, qusma və sarılıq kimi simptomlarla özünü göstərir və qaraciyər çatışmazlığı, poliorqan çatışmazlığı və hətta ölümlə nəticələnə bilər”.
Kafedranın dosenti, tibb elmləri doktoru Ellada Sarıyeva tərəfindən hazırlanmış məruzədə hamiləlik dövründə qaraciyər xəstəliklərinin aktuallığı, diaqnostikası, klinik təcrübədə rast gəlinən hamiləlik ağırlaşmaları olan preeklampsiya, intrahepatik xolestaz, HELLP sindromu və digər patologiyalarda yanaşma prinsipləri öz əksini tapıb. Dosent Ellada Sarıyeva hamilələrdə ən çox rast gəlinən və xroniki hepatit, fibroza səbəb olan B, C virus hepatitlərinin diaqnostikası, ana və döl fəsadlarından söhbət açaraq qeyd edib ki, doktorluq üzrə apardığı elmi- tədqiqat işi məhz B, C virus hepatitlərinə həsr olunub.
Məruzəçi son 10 il ərzində respublikamızda infeksion hepatit səbəbindən baş verən ana ölümünə aid klinik hadisəni, həmçinin xarici ölkələrdə hamiləliyin kəskin piyli qaraciyəri səbəbindən baş verən ana ölümü hadisəsini təhlil edib. Göstərilən ciddi qaraciyər patologiyalarında klinik, biokimyəvi analizlərin şərhi seminarda iştirak edən ATU TCK-nın laboratoriya həkimlərinin və rezidentlərinin marağına səbəb olub. Təqdim olunan mövzu ilə bağlı ultrasəs, MRT, KT nəticələri seminardakı radiologiya kafedrasının rezidentləri, eləcə də klinikanın ultrasəs həkimləri üçün əhəmiyyətli idi.
Seminarın sonunda mövzu ətrafında aktiv müzakirələr aparılıb. Dosent Səfa Bağırova seminarın təkcə rezident-həkimlər üçün deyil, kafedranın əməkdaşları üçün də nəzəri və praktiki əhəmiyyətini diqqətə çatdırıb.
Həkim-rezidentləri maraqlandıran suallardan biri də hamiləlik dövründə kəskin öd daşı xəstəliyində cərrahi taktikanın prinsipləri haqqında idi. Məruzəçi hamiləlik dövründə yalnız “kəskin qarın” yarandığı halda cərrahi əməliyyatın vacibliyindən, həmçinin laparoskopik və laparotomik əməliyyatların texnikasından bəhs edib.
Məruzəçi tərəfindən hamiləlik zamanı qaraciyər xəstəliklərinin diaqnostikasına aid differensial cədvəlin təqdimatı da maraqla qarşılanıb.
Seminarda Tədris Cərrahiyyə Klinikasının mamalıq-ginekologiya, klinik laboratoriya və radiologiya şöbələrinin rezidentləri və həkimləri iştirak ediblər.