ATU alimlərinin daha bir uğuru

Xəbər verdiyimiz kimi, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan həmkarları ilə birlikdə Transxəzər Beynəlxalq Hepato-Pankreato-Biliar Cərrahiyyə Assosiasiyasını (TransCaspian İHPBA) təsis ediblər

 Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş İHPBA-nın fəaliyyətində bu günlərdə mühüm irəliləyiş baş verib.

Belə ki, yeni yaradılmış Transxəzər bölməsi 10-12 iyun 2025-ci il tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilmiş Avropa-Afrika HPB Assosiasiyasının (E-AHPBA) 16-cı Bienal (iki ildə bir keçirilən) Konqresində Nailiyyət Sertifikatı ilə rəsmi olaraq tanınıb.

Sertifikat Transxəzər regionunda HPB cərrahiyyəsinin inkişafında mühüm mərhələni qeyd edir. Bu tanınma üzv ölkələr arasında HPB cərrahiyyəsində əməkdaşlığın təşviq edilməsi, klinik təcrübənin irəlilədilməsi, təhsil və tədqiqatın dəstəklənməsi üzrə öhdəlikləri nəzərdə tutur.

İHPBA-nın prezidenti, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu nailiyyət regional cərrahiyyə cəmiyyətinin artan təcrübəsini və fədakarlığını vurğulayır: “Qlobal HPB şəbəkəsinə qoşulmaqdan və cərrahi xidmətin gələcəyinin formalaşmasına töhfə verməkdən şərəf duyuruq”.