Azərbaycan Tibb Universiteti Qlobal Dayanıqlı İnkişaf Konqresində təmsil olunur
Nüfuzlu tədbirin iştirakçıları ATU-nun stendini maraqla qarşılayıb

 

16-19 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Qlobal Dayanıqlı İnkişaf Konqresi (Global Sustainable Development Congress) keçirilib. Dünya miqyaslı tanınmış və nüfuzlu ali təhsil qurumlarını bir araya gətirən konqresdə Azərbaycan Tibb Universiteti də öz stendi ilə iştirak edib.

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan və Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərovun iştirak etdiyi bu mühüm beynəlxalq tədbir çərçivəsində ATU-nun stendində universitetin dayanıqlı inkişafla bağlı həyata keçirdiyi təhsil və elmi-tədqiqat layihələri, beynəlxalq tərəfdaşlıq proqramları, yaşıl kampus təşəbbüsləri, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma sahəsində atdığı addımlar ziyarətçilərin diqqətinə çatdırılıb. Dörd gün ərzində universitetimizin nümayəndə heyəti bir sıra plenar iclaslar, panel müzakirələri və şəbəkələşmə sessiyalarında iştirak edib. Eləcə də tədbirdə təmsil olunan digər ali təhsil müəssisələrinin nümayəndələri ilə potensial tərəfdaşlıq imkanları müzakirə edilib, birgə layihələr və mübadilə proqramları üzrə danışıqlar aparılıb.

Qeyd edək ki, “Times Higher Education” (THE) reytinq agentliyi və Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən birgə təşkil olunan konqresin məqsədi ali təhsil ocaqları, tədqiqat institutları, dövlət qurumları və qeyri-hökumət təşkilatları arasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində görülən işləri təqdim etməkdən ibarət olub.

ATU-nun bu konqresdə fəal iştirakı Azərbaycanın ali təhsil sisteminin qlobal gündəmdəki mövqeyinin möhkəmləndirilməsinə, universitetin beynəlxalq tanıtımının artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Bu cür tədbirlər, həmçinin universitetimizin beynəlxalq elmi-akademik şəbəkəyə daha sıx inteqrasiyası üçün yeni imkanlar yaradır.