16–18 iyun tarixlərində Portuqaliyanın Porto şəhərində keçirilmiş “QS Higher Ed Summit: Europe 2025” konfransında Azərbaycan Tibb Universiteti (ATU) uğurla təmsil olunub
Əsas məqsədi Avropada ali təhsilin qlobal cazibəsini gücləndirmək, yeni strategiyalar formalaşdırmaq və universitetlər arasında əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olan bu nüfuzlu beynəlxalq tədbirdə ATU-nu təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov təmsil edib.
QS (Quacquarelli Symonds) reytinq agentliyi tərəfindən təşkil edilmiş sammit “Üfiqləri genişləndirmək: Təhsil mükəmməlliyi ilə qlobal cəlbediciliyin artırılması” mövzusuna həsr olunub. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən 300-dən artıq ali təhsil müəssisələrinin rəhbər şəxsləri, akademik mütəxəssislər, tədqiqatçılar və siyasətçilər iştirak edib.
ATU-nun prorektoru İlqar Mehrabov tədbir çərçivəsində keçirilən plenar sessiyalarda, tematik panel müzakirələrdə və şəbəkələşmə görüşlərində, sərgidə fəal iştirak edib. O, universitetin infrastruktur inkişafı, dayanıqlı kampus strategiyası və yaşıl transformasiya sahəsindəki təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Konfransın sərgi hissəsində ATU nümayəndəsi İ.Mehrabov universitetə dair məlumatları təqdim edib, həmçinin beynəlxalq universitetlər və təşkilatlarla faydalı görüşlər keçirib, potensial əməkdaşlıqlar, birgə tədqiqat və mübadilə proqramları ilə bağlı ilkin razılaşmalar əldə olunub.
Qeyd edək ki, Quacquarelli Symonds (QS) reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim - tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.
Universitetin beynəlxalq strategiyasına uyğun olaraq, bu cür tədbirlər ATU-nun qlobal elm və təhsil məkanında nüfuzunun möhkəmlənməsinə, eləcə də Azərbaycanın ali təhsil sisteminin beynəlxalq platformalarda tanıdılmasına xidmət edir.