Məlum olduğu kimi, ATU ilə Qazaxıstan Respublikasının bir sıra universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu çərçivədə Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin əməkdaşları - Histologiya kafedrasının müdiri, t.ü.f.d. Janat Komekbay akademik mobillik proqramı üzrə, kafedranın doktorantları Kuanış Baytenov və Altınay Jurqenova isə elmi işlərinin bir hissəsinin yerinə yetirilməsi və elmi məsləhətlərin alınması məqsədilə ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasında və Elmi Araşdırmalar Mərkəzinin Elektron mikroskopiya şöbəsində fəaliyyət göstəriblər.
Səfər müddətində J.Komekbay kafedrada mühazirə oxuyub, tədris proqramları ətrafında geniş müzakirələr aparıb və elmi təcrübələrini bölüşüb. Doktorantlar Elektron mikroskopiya şöbəsində öz doktorluq proqramı üzrə yerinə yetirdikləri elmi tədqiqatlarına aid olan materiallar əsasında nümunələrdən araldit-epon bloklarının hazırlanması, yarım (1 mkm) və ultranazik (50-70 nm) kəsiklərin alınması, boyanması və TEM vasitəsilə çəkilməsi prosesini tam şəkildə mənimsəyiblər. Sonda hər üç qonağa sertifikatlar verilib.
Qeyd edək ki, adıçəkilən tədqiqatçıların rəsmi xarici elmi məsləhətçiləri ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və EAM-ın Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevdir. Qazaxıstanlı və ATU-nun alimlərinin daxil olduğu beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilmiş nəticələrin Web of Science və Scopus bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda dərci nəzərdə tutulur.