Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalı çərçivəsində “ATUREK 13” elmi-təcrübi konfransı keçirilib. İyunun 17-də isə universitetin rektoru, professor Gəray Gəraybəyli konfransda uğurlu çıxışları ilə fərqlənən rezident və magistrlərlə görüşüb.
ATU-nun Rezidentura və magistratura şöbəsini müdiri, dosent İlhamə Mustafayeva konfransın təşkilində, məruzələrin hazırlanmasında və digər məsələlərin uğurla reallaşmasında həm universitet rəhbərliyi, həm də rezidentlərin böyük zəhməti olduğunu diqqətə çatdırıb, yeniliklər barədə məlumat verib.
“ATUREK 13” konfransında 20 magistr və 122 rezidentin məruzələrlə çıxış etdiyi, 240 tezisin çap olunduğu bildirilib.
Təltifolunma mərasiminin Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf etdiyini vurğulayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli qalibləri həm də peşə bayramları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda fərqlənən rezidentlərlə görüş zamanı ölkəmizdə rezidentura təhsil pilləsinin yaradılmasının tibb təhsilinə verdiyi töhfələrdən danışan rektor, rezidenturanın sonuncu təhsil pilləsi olaraq ölkəmizdə yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığında xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bu sistemə keçidin vaxtilə ciddi müqavimətə rast gəldiyini də xatırladaraq, son illərdə rezidentura sahəsində çox böyük işlər görüldüyünü, yuxarı kurs rezidentlərinin artıq həkim kimi formalaşdığını deyib. Bununla belə, rezidentura pilləsinin yenidən təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, 7-8 il əvvəllə müqayisədə rezidentlərin elmi tədqiqat işlərinə daha çox maraq göstərdiyini müsbət hal kimi dəyərləndirib. Nüfuzlu jurnallarda elmi məqalələri dərc olunan magistr və rezidentlər üçün qonarar veriləcəyini də diqqətə çatdıran rektor, professor Gəray Gəraybəyli görüşün sonunda “ATUREK 13” elmi-təcrübi konfransında fərqlənən qaliblərə xüsusi diplom və hədiyyələr təqdim edib.