Əməkdaşımız Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən konqresdə iştirak edib

İyunun 13-16-da Birləşmiş Krallığın (Şotlandiya) Qlazqo şəhərində  Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının İllik (EAACİ2025) konqresi keçirilib.

Tibbin çox mühüm bir sahəsi olan allerqologiya və immunologiyanın  aktual problemlərinə  həsr edilən mötəbər konqresə dünyanın müxtəlif qitələrindən  5 minə yaxın mütəxəssis və alim qatılıb.

Bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, övrə, həşərat allergiyası, anafilaksiya, hava kirliliyinin allergik  xəstəliklərə təsiri, qida və dərman allergiyası kimi allergik xəstəliklərin, eləcə də mastositoz, allerqoimmunologiya, autoimmun xəstəliklərin  gedişi, patogenezi, diaqnostikası və müalicəsində son yeniliklər, allerqologiyada nanotexnolgiya, mikrobiotanın əhəmiyyəti və onun immunrequlyasiyada rolu, immun çatışmazlıqlar və onlara müasir yanaşma  və s. aktual mövzularda bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb.

Konqres çərçivəsində müxtəlif ölkələrin Allerqologiya və Klinik İmmunologiya Cəmiyyətlərinin nailiyyətlərini əks etdirən stendlər nümayiş etdirilib, həmçinin il ərzində nüfuzlu jurnallarda dərc olunan allerqologiya və immunologiyaya dair ən uğurlu məqalələr konqres iştirakçılarının nəzərinə çatdırılıb.

Ölkəmizi bu konqresdə universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova da təmsil edib.