Azərbaycan Tibb Universiteti “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq nüfuzlu “Times Higher Education” (THE) “Impact Rankings 2025” reytinq cədvəlində 200 pillə irəliləyib. ATU Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri üzrə həyata keçirdiyi fəaliyyətlərini beynəlxalq səviyyədə təsdiqləyərək iki istiqamət üzrə dünyanıın ən reytinqli universitetləri arasında yer alıb.

Belə ki, Azərbaycan Tibb Universiteti BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədi (DİM) olan “Yaxşı səhiyyə və rifah” üzrə dünyanın 1788 universiteti arasında 301–400-cü qrupda yer tutub. Universitetimiz 4-cü DİM olan “Keyfiyyətli təhsil” üzrə isə dünyanın 1975 universiteti arasında 401–600-cü qrupda yerləşib. Qeyd edək ki, ötən ilin nəticələri ilə müqayisədə ATU reytinq cədvəlində hər iki istiqamət üzrə 200 pillə irəliləyib. 

Azərbaycan Tibb Universiteti 3-cü DİM üzrə ölkəmizdə ider mövqeyini qoruyub saxlayır. “Yaxşı səhiyyə və rifah” isiqaməti üzrə ATU-nun yüksək nəticə əldə etməsi tibb və səhiyyə sahəsində elmi nailiyyətlərini, klinik təcrübədə tətbiq olunan yenilikləri və ictimai səhiyyə verdiyi töhfəni əks etdirir. Müasir tibb kadrlarının hazırlanması, səhiyyə layihələrində aktiv iştirak bu uğurun əsasını təşkil edir.

4-cü DİM - “Keyfiyyətli təhsil” istiqamətində əldə edilən uğur ATU-da tədrisin müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllim heyətinin inkişafına yönəlmiş fəaliyyətini əks etdirir. Bu addımlar tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır və reytinqdə yüksəlişi təmin edir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu uğuru universitetin dayanıqlı inkişafa, təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatların inkişafına və beynəlxalq akademik inteqrasiyaya verdiyi strateji önəmin göstəricisi kimi qiymətləndirir: “Times Higher Education Impact Rankings reytinqində qazandığımız bu uğur komandamızın birgə səylərinin və qlobal məqsədlərə uyğun strategiyamızın bariz göstəricisidir. Bu nəticə bizi daha da böyük nailiyyətlərə ruhlandırır”. 

Times Higher Education Impact Rankings reytinqi dünyanın ali təhsil müəssisələrini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdikləri töhfəyə əsasən qiymətləndirir və sosial məsuliyyət, elmi töhfə, təhsil təşəbbüslərinin və tərəfdaşlıq aspektlərini əhatə edir. Bu reytinq yalnız akademik göstəriciləri deyil, həm də universitetlərin cəmiyyətə göstərdiyi real təsiri nəzərə alır.