Azərbaycan Tibb Universitetinin əməkdaşı Qazaxıstan Dissertasiya Şurasında

Azərbaycan Tibb Universitetinin (ATU)  İctimai Sağlamlıq və Səhiyyənin Təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva, S. D. Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin Almatı şəhərində keçirilən Dissertasiya Şurasının iclasında üzv qismində iştirak edib.

Səfər çərçivəsində dosent Hacıyeva dissertasiya müdafiəsi prosesində ekspert kimi çıxış edərək, ictimai səhiyyə sahəsində apardığı tədqiqatların elmi səviyyəsini qiymətləndirib. O, Qazax Milli Tibb Universitetinin kollektivinə akademik məsləhətlər verib və doktorantların işlərinə rəy bildirib.

Səfərin əsas nəticələri sırasında akademik əməkdaşlıq istiqaməti xüsusi vurğulanmalıdır. Belə ki, ATU ilə Qazax Milli Tibb Universitetinin ictimai səhiyyə şöbələri arasında birgə tədqiqat layihələrinin və tələbə müəllim mübadiləsi proqramlarının yaradılması istiqamətində ilkin razılaşmalar əldə olunub. Bundan əlavə, hər iki universitet qarşılıqlı olaraq səhiyyə sistemi idarəetməsi və profilaktik tibb üzrə qabaqcıl kursların birgə hazırlanması ideyasını irəli sürüb. Epidemiologiya, səhiyyə siyasəti və icma sağlamlığının təşviqi sahələrində keçiriləcək birgə seminar məşğələlərin təşkili üçün planlar müəyyənləşib.