ATU nümayəndələri EAACI 2025 illik konqresində iştirak ediblər

Birləşmiş Krallığın Şotlandiya bölgəsi, Qlazqo şəhərində keçirilən EAACI (European Academy of Allergy and Clinical Immunology) 2025 İllik Konqresi uğurla başa çatıb. Dünyanın ən aparıcı allergologiya və klinik immunologiya mütəxəssislərini bir araya gətirən bu beynəlxalq forumda Azərbaycan Tibb Universitetinin (ATU) Allergologiya və immunologiya” kafedrasının əməkdaşları da iştirak ediblər.

ATU nümayəndələri EAACI 2025 konqresinin plenar sessiyalarında və bölmə iclaslarında allergik xəstəliklərin müasir diaqnostikası, immunoterapiyanın gələcək perspektivləri və digər aktual mövzulara həsr edilmiş təqdimatlarla çıxış ediblər. Allergologiya və immunologiya kafedrasının müdiri professor Lalə Allahverdiyeva, Dosent Ülkər Hümbətova immünoassay metodlarının effektivliyi barədə təcrübə paylaşıb, assistent Həmidə Ağarəhimovanın məruzə və təqdimatları ədbir iştirakçılarının diqqətini çəkib. 

Üç gün davam edən konqres çərçivəsində ATU nümayəndələri bir sıra Avropa universitetləri və tədqiqat institutlarının mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı gələcəkdə birgə tədqiqat layihələri, təhsil mübadiləsi proqramları və konfrans təşkilatçılığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Tibb Universitetinin bu cür nüfuzlu beynəlxalq konqresdə iştirakı ölkəmizin səhiyyə elminin dünya standartlarına inteqrasiyasını sürətləndirir, müasir allergologiya və immunologiya sahəsində vaksinasiyadan tutmuş təcili yardım protokollarına qədər elm və praktikanı birləşdirən yeni əməkdaşlıq yolları açır.