Əməkdaşlarımız Finlandiyanın elmi-tədris müəssisələrində işgüzar səfərdə olublar

Bu günlərdə Helsinki və Turku Universitetlərinin Stomatoloji İnstitutlarını ziyarət edən Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti ATU ilə Finlandiya ali təhsil müəssisələri arasında elmi və praktik əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər

Səfərin əsas məqsədi həmin təhsil müəssisələrində stomatoloji fakültənin iş gedişatı, tədris prosesi zamanı istifadə edilən texniki təchizat, müasir laboratoriyaların və stomatoloji tədris bazalarının potensialı ilə tanışlıq və elmi-tədqiqat sahəsində birgə fəaliyyət imkanlarının araşdırılması olub.

ATU-nun Tədris işləri üzrə prorektoru, Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və Tədris Stomatoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru İmran Ağayev stomatoloji avadanlıq istehsal edən aparıcı şirkətlərdən birinə baş çəkərək, rəqəmsal stomatologiya sahəsində tətbiq edilən müasir texnologiyalar və onların praktik əhəmiyyəti ilə tanış olublar. Bu texnologiyaların Azərbaycan Tibb Universitetində tətbiqi və tədris prosesinə inteqrasiyası ilə bağlı ilkin fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində aparılan müzakirələr nəticəsində əldə olunan təcrübənin Azərbaycan Tibb Universitetində təhsil alanlar üçün əlçatan edilməsi, onların beynəlxalq standartlara uyğun mühitdə təhsil almalarına əlverişli şərait yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb.