“Sağlamlığa Doğru Qaç!” qaçış yarışının final mərhələsində ATU tələbələri də yüksək nəticə göstəriblər

 17 iyun 2025-ci il tarixində Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı genişmiqyaslı qaçış yarışının final mərhələsi keçirilib

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, TƏBİB-in, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə keçirilən tədbir 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuşdu.

   Layihənin məqsədi ölkə səhiyyə işçiləri arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, asudə vaxtın səmərəli təşkili və həmkarlar arasında birliyin gücləndirilməsi idi.

  1 iyun tarixində Bakıda keçirilmiş ilkin mərhələdə Bakı, Sumqayıt, Abşeron, Şuşa və Zəngilan rayonlarından olan 70-ə yaxın tibb müəssisəsinin təmsil olunduğu yarışda 500-ə yaxın səhiyyə işçisi iştirak etmişdi. Həmçinin, Azərbaycan Tibb Universiteti (ATU), 1 və 2 saylı Bakı Tibb Kollecləri, Sumqayıt Tibb Kollecindən tələbələr də aktiv iştirak etmişdilər. Bu mərhələdə kişilər arasında ATU tələbəsi Vüsal Seyidov I yerə, Toğrul Abdullayev isə III yerə layiq görülmüşdü. Qadınlar arasında isə ATU tələbəsi Məsha Palar I yeri, Zülfiyyə Məmmədli isə II yeri qazanmışdı. Ümumilikdə 8 region üzrə keçirilmiş yarışların nəticəsinə əsasən, 48 nəfər final mərhələsində iştirak etmək hüququ əldə etmişdi.

    Final mərhələsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Açılış mərasimində bir sıra rəsmi şəxslər – AHİK sədri Sahib Məmmədov, Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Səhiyyə nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək iştirakçılara uğurlar arzuladılar.

    Yarışa start verildikdən sonra iştirakçılar üçün 5 km-lik məsafə əvvəlki mərhələlərlə müqayisədə daha çətin oldu. Xankəndinin dağlıq relyefi və enişli-yoxuşlu yollar marafonçulara əlavə fiziki çətinliklər yaratsa da, iştirakçılar böyük əzmkarlıq nümayiş etdirdilər.

    ATU tələbələri güclü olduqlarını və yüksək nəticə göstərdiklərini bir daha sübut etdilər. Qadınlar arasında Məsha Palar finişə birinci çatdı, Zülfiyyə Məmmədli isə ikinci oldu. Kişilər arasında Vüsal Seyidov bu dəfə finişə üçüncü, Toğrul Abdullayev isə 5-ci çatdı.

    Yarışın yekunlarına əsasən, kişi və qadın kateqoriyalarında I, II və III yerlərin qalibləri diplom, medal, kubok və müxtəlif bahalı hədiyyələrlə təltif olundular. Tədbir çərçivəsində Azərbaycan Tibb Universitetinin “Çinar” rəqs ansamblı da öz rəngarəng çıxışları ilə tədbirə xüsusi rəng qatdı.

   Bu möhtəşəm layihənin final mərhələsinin Xankəndi şəhərində keçirilməsi tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, yalnız idman tədbiri deyil, həm də xalqımızın azad olunmuş torpaqlara qayıdışının, vətənə sevgi və bağlılığın simvolu kimi dəyərləndirilə bilər.