ATU-da korrupsiyaya qarşı mübarizə mövzusuna dair tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasında tələbə və müəllim heyətinin iştirakı ilə korrupsiyaya qarşı mübarizə mövzusuna dair tədbir keçirilib

 Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində baş tutub.

Kafedra müdiri, fəlsəfə elmləri doktoru, prof. Qoşqar Əliyev çıxış edərək, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması sahəsində həyata keçirilən işlər barədə məlumat verib və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər,  ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırılıblar.