Azərbaycan Tibb Universitetində (ATU) ABŞ-də fəaliyyət göstərən tanınmış azərbaycanlı alim, tibb elmləri doktoru, professor Rauf Şahbazova “Qonaq professor” sertifikatı təqdim olunub
Sertifikatı ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib. Qeyd edib ki, doktor Rauf Şahbazov tibbi təhsil, tədqiqat və akademik əməkdaşlıq sahələrində olan töhfələrinə görə universitetin "Qonaq professor"u adına layiq görülüb.
Görüş zamanı universitetlə birgə əməkdaşlıq imkanları, gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər və tibb təhsilinin inkişafı istiqamətində perspektivlər müzakirə olunub.
Professor Rauf Şahbazov ATU ilə bağlı səmimi təəssüratlarını bölüşərək məzunu olduğu doğma universitetinə faydalı olmaq, öz bilik və təcrübəsini bölüşməsinin onun üçün böyük fəxr olduğunu bildirib.
Qeyd edək ki, professor Rauf Şahbazov hazırda ABŞ-ın Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantalogiya Cərrahiyyəsi Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. Onun ATU ilə əməkdaşlığı beynəlxalq təcrübənin Azərbaycana transferi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə həmçinin ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova və ABŞ-ın Baystate tibb mərkəzinin Perinatal şöbəsinin həkimi Anar Qocayev iştirak edirdi.