Hərbi tibb fakültəsinin əməkdaşları Serbiyada faydalı görüşlər keçirib

Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsinin əməkdaşları – dekan, tibb xidməti polkovniki Məharət Rzayev, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov və mayor Cavid Ruhullayev iyunun 9-dan 12-ə kimi Serbiya Respublikasında ezamiyyətdə olublar. 

Belqrad Hərbi Tibb Akademiyası ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində onlar şəhərin Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi, sonra isə Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəlini ziyarət ediblər. 

Xidməti ezamiyyət zamanı Belqradda hərbi tibbi təhsil üzrə mütəxəssislərlə işçi görüş keçirilib. Görüşdə Serbiyanın Hərbi Tibb İdarə rəisi, tibb xidməti general-mayoru, professor Dragan Dincicin rəhbərlik etdiyi heyət və Belqrad Müdafiə Universitetinin rektorunun beynəlxalq hərbi və universitetlərarası əməkdaşlıq üzrə müavini, polkovnik Srdyan Lyuboyeviç iştirak ediblər. 

Professor D.Dincic Azərbaycan və Serbiya arasında hərbi tibbi təhsil sahəsində əməkdaşlığın artan xətlə davam etdiyini bildirərək, bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsində də əks olunduğunu vurğulayıb. 

Səfər zamanı əməkdaşlarımız Serbiya Tibb Akademiyası və Hərbi Tibbi Araşdırma İnstitutundakı şəraitlə yaxından tanış olub, həmçinin Belqrad Hərbi Tibb Akademiyasının Hərbi tibb fakültəsində tədris prosesini izləyiblər. Daha sonra Belqrad Hərbi Hospitalının şöbə və bölmələrindəki şəraitlə tanışlıq baş tutub. Görüşlər zamanı bu müəssisələrdə tibb xidmətinin təşkili barədə əməkdaşlarımıza ətraflı məlumat verilib. O cümlədən Hərbi Akademiyanın strukturu, tədris prosesi, eləcə də Serbiyada hərbi tibb kadrlarının tibb təhsili və hazırlığı mövzularında brifinq də keçirilib. 

Səfər zamanı əməkdaşlarımız Nis şəhərində yerləşən Qarnizon Hospitala da baş çəkib, hospitalın yaranma tarixi, təhsil sistemi barədə maraqlanıblar. 

Səfərin son günü Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevlə səfirliyin binasında görüş olub. Səfir Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu, birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini bildirib.