“Təbib” İstirahət Mərkəzində yeni korpusların açılışı baş tutub
Azərbaycan Tibb Universitetinin rəhbərliyi başa vurduğumuz 2024/2025-ci tədris ili ilə bağlı ətraflı hesabat verib. Son illərin ənənəsinə uyğun olaraq, ATU-nun Böyük Elmi Şurasının yekun iclası bu dəfə də Nabranda yerləşən “Təbib” İstirahət Mərkəzində təşkil olunub. Təbiətin qoynunda keçirilən iclas universitet həyatının mühüm mərhələsini yekunlaşdırmaqla yanaşı, təhsil və elmi fəaliyyətin gələcək hədəflərini müəyyənləşdirmək baxımından da əlamətdar olub.
İclasda 2024/2025-ci tədris ilinin yekun nəticələri, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Professor-müəllim heyətinin fəaliyyəti qiymətləndirilib, fakültələrdə aparılan islahatlar, tələbə nailiyyətləri və elmi-tədqiqat göstəriciləri təhlil edilib. Gələn il üçün innovativ tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlıq proqramlarının genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edilib.
Bununla yanaşı, Nabran “Təbib” İstirahət Mərkəzində iki yeni korpusun rəsmi açılışı olub. Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahət mərkəzinin daim diqqətdə saxlanılmasını universitet rəhbərliyinin sosial siyasətinin mühüm hissəsi kimi dəyərləndirib. O hər il yeni korpusların əsaslı şəkildə təmir olunduğunu, yüksək komfortlu şəraitlə təmin edildiyini, istirahət mərkəzində mütəmadi olaraq abadlıq işləri aparılığını bildirib.
ATU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov mərkəzdə görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, “Təbib” İstirahət Mərkəzində həyata keçirilən abadlıq və yenidənqurma işləri 2013-cü ildən etibarən Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə təmin olunur. Yeni korpuslarda istirahət edənlərin rahatlığı üçün zəruri avadanlıqlar, müasir şərait yaradılıb. ATU-nun müəllim və əməkdaşlarının keyfiyyətli istirahətinin təmin olunması məqsədilə qarşıdakı illərdə burada aparılan işlər daha da genişləndiriləcək.
Qeyd edək ki, hər il “Təbib” İstirahət Mərkəzində ATU-nun yüzlərlə əməkdaşı - professor-müəllim heyəti, texniki işçilər, onların ailə üzvləri və tələbələr istirahət etmək imkanı qazanır. Mərkəz məhz ATU əməkdaşlarının hərtərəfli və sağlam istirahətini təmin etmək məqsədilə yaradılıb. COVİD-19 pandemiyası dövründə mərkəzin fəaliyyəti bir müddət məcburi olaraq dayandırılsa da, hazırda “Təbib” İstirahət Mərkəzi tam gücü ilə fəaliyyət göstərir və həm əməkdaşların, həm də rəhbər heyətin sevimli istirahət məkanına çevrilib. Hər il yay mövsümündən əvvəl burada təmir və müvafiq abadlıq işləri aparılır.
Qeyd etmək yerinə düşər ki, artıq üçüncü ildir ki, Böyük Elmi Şuranın yekun iclası məhz “Təbib” İstirahət Mərkəzində keçirilir və bu da təbiət qoynunda işgüzar müzakirələrə xüsusi rəng qatır.