ATU-nun Tədris Stomatoloji Klinikası və Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı ilə səyyar stomatoloji xidmətlər uğurla həyata keçirilib
Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası arasında qurulan əməkdaşlıq çərçivəsində stomatoloji xidmətlərin daha geniş əhali qrupları üçün əlçatanlığını təmin etmək və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni gücləndirmək məqsədilə bir sıra səyyar tibbi aksiyalar təşkil olunub.
Sosial layihələri universitetimizin rektoru, professor Gəray Gəraybəyli daim diqqətdə saxlayıb və öz məsləhətlərini verib. Hər bir səyyar aksiya zamanı ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru İmran Ağayevin təşəbbüsü ilə ATU Tədris Stomatoloji Klinikasının əsas həkim kollektivi və rezident həkimləri iştirak edərək ilkin stomatoloji müayinələr aparıb və ağız gigiyenası ilə bağlı maarifləndirmə işləri həyata keçiriblər. Ayrı-ayrı vaxtlarda 1, 2 və 3 saylı Uşaq Evləri, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi, Binəqədi Rayonunun Xocasən Bələdiyyəsi, 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində səyyar xidmətlər göstərilib. Səyyar xidmət zamanı uşaqların müayinəsində əsas diqqət kariyes, diş əti xəstəlikləri, diş sırası qüsurları və ortodontik problemlərin erkən aşkarlanmasına yönəldilib, aşkarlanan hallar qeydiyyata alınaraq müvafiq müalicə tədbirlərinin təşkili üçün ilkin addımlar atılıb. Ahıl şəxslərin müayinəsində isə parodont problemləri, diş itkisi, çeynəmə funksiyasının pozulması və protez ehtiyacları prioritet mövzular olub. Müəyyən edilən hallar əsasında fərdi müalicə planlarının hazırlanmasına başlanılıb. Bu humanitar təşəbbüs bir daha sübut edir ki, profilaktik stomatoloji yanaşmalar və erkən diaqnostika gələcəkdə ciddi ağız-diş sağlamlığı problemlərinin qarşısını almaqda həlledici əhəmiyyətə malikdir.
ATU Tədris Stomatoloji Klinikasının rəhbərliyi gələcəkdə də bu kimi sosial məsuliyyət layihələrini davam etdirməyi, stomatoloji xidmətlərin cəmiyyətin bütün təbəqələri üçün əlçatanlığını təmin etməyi və ümumi sağlamlıq savadlılığını artırmağı nəzərdə tutur.