Zirvələri fəth edən tələbəmiz

Çətinliklər, xəsarətlər, hətta ölüm təhlükəsi də Fidan Hacıyevanı öz yolundan döndərə bilməyib

Alpinizm idman növü ilə məşğul olanlar yüksəklikləri, zirvələri fəth etməyi sevirlər. Bir zirvəni fəth edirsənsə, digərləri üçün motivasiya yaranır. Belə idmançılardan biri də Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Fidan Hacıyevadır. Bu, Fidanın ATU-da ikinci təhsilidir. Bundan öncə Stomatologiya fakültəsini bitirib.

Müxtəlif idman növləri ilə məşğul olsa da, onun üçün alpinizmin yeri tamam başqadır. Müxtəlif illərdə bir neçə dəfə Zaqatala və Beşbarmaqda qayaya dırmanma yarışlarında iştirak edib.

Ötən il martın 2-də Gənclər və İdman Nazirliyi və Alpinizm Federasiyasının təşkil etdiyi universitetlərarası idman dırmanması yarışında tələbələrimizlə birlikdə ATU-nu layiqincə təmsil edib, yarışın qalibi olublar.

“Şaxtalı havada böcəklər üstümə hücum çəkdi”

Fidan hansı zirvələri fəth edirsə-etsin, səfərləri zamanı həyati təhlükəli situasiyalarla, maraqlı macəralarla üzləşib: “Dağ macəralarım 2021-ci ilin mayında başladı. İlk yürüşüm 3740 metr hündürlükdə yerləşən Cümhuriyyət zirvəsi oldu.  Bakıdan Xınalığa getdik. Oradan Şahyaylaq adlanan əraziyə avtomobillərlə yola düşdük. Elə təzəcə çadırlarımızı qurmuşduq ki, qəfildən hər tərəfi buludlar örtdü və dolu yağmağa başladı. Doluya görə hər kəs öz çadırına çəkildi. Mən də öz çadırıma getdim.

Biz çadırın içində yatmaq üçün əvvəl mat sərir, sonra yuxu tulumuna girib yatırıq. Normalda yuxu tulumunda ən nazik geyimlə uzanıb yatmaq lazımdır. Elə də etdim. Qəflətən möhkəm üşüdüyümü hiss etdim, yenidən bütün geyimlərimi geyinməyə məcbur oldum. Amma yenə də donurdum. Artıq şiddətli şəkildə titrəyirdim, dişlərim bir-birinə dəyirdi və heç cür isinə bilmirdim.

Bir az keçdi, vəziyyətim stabilləşdi. Özümü çox rahat hiss etməyə başladım. O günə qədər belə bir şey olmamışdı. Gecə saat 3-də durduq, hazırlaşıb yola düşdük. Yolboyu dəfələrlə geri qayıtmağı düşündüm. Bu mənim ilk zirvə yürüşüm idi və çox çətin gedirdim. Zirvəyə 5-6 m qalmış halım dəyişdi. Başgicəllənməm oldu, gözlərim qaraldı. Nəhayət, çox çətinliklə zirvəyə çatdım və oturdum.

Oturduğum yerdə birdən çoxlu böcəklər görməyə başladım. Hamısı üstümə tərəf uçur, sanki ağzıma və burnuma doluşmaq istəyirdilər. Mən də onları qovmağa çalışırdım.

Bələdçi bu vəziyyətimi görüb soruşdu:

- Fidan, sən nəyi qovursan üzündən?

Mən ona ağız və burnuma girməsnlər deyə, böcəkləri qovduğumu dedim. O tez məni oradan kənarlaşdırdı, rahat bir yerdə uzandırıb, tapşırdı ki, bir az gözlərimi yumum və dincəlim. Elə də etdim, dincələndən sonra bir az su içib özümə gəldim. Yolumuza davam etdik, ən hündür yerə çatdıq, orada şəkil çəkdirib qayıdanda bələdçidən soruşdum ki, o soyuq və küləkli havada o qədər böcək nə gəzirdi?

Gülərək, mənə orada heç nə olmadığını bildirdi. “Bunu ancaq sən gördün. İlk dəfədir bu hündürlükdəsən, bu şəraitə öyrəşməmisən. Ona görə belə vəziyyətlə üzləşmək normal haldır” - dedi.

Qayıdanda daşlı yerdə sürüşdüm və beli üstdə yıxıldım. Onurğam çox sərt şəkildə daşın iti kənarına dəydi. O ankı ağrı dəhşətli idi. Hətta ciddi zədə aldığımı düşündüm, ayağımı yerə basmaqda çətinlik çəkirdim. Həkimə getdim, ciddi bir şey olmadığını dedi. 

Mən dağda yıxıldığım an öz-özümə “bir də dağlara gəlməyəcəm, buralar mənlik deyil”, demişdim. Amma Bakıya yenicə çatmışdım ki, beynimdə Bazardüzünün planlamasını edirdim”.

“Yolda həm ayağım zədələndi, həm də çaya düşdüm”

Fidanın digər səyahətləri də maraqlı olub. 2021-ci ilin iyulunda ölkəmizin ən yüksək, 4466 metr hündürlüyündə Bazardüzü zirvəsini fəth etmək üçün yola düşüb:

- Yolu digər zirvələrimizlə müqayisədə çox rahat və təhlükəsiz olsa da, uzun məsafə səbəbilə çox yorucu idi. Gecəni normal yatıb, normal yol qət edib zirvəyə çatmışdım. Düşərgəyə geri dönəndə də hər şey əla idi. Elə uzaqdan çadırları görüb bu səfər salamat çatmağımın sevincini yaşamaq istəyirdim ki, qəflətən sürüşdüm, böyük bir qayaya dəyərək dayandım. Ayağımın qayaya dəyməsi ilə baş barmağımın dırnağının yerindən çıxması bir oldu. Ayağı zədəli, birtəhər yoluma davam etdim. Yolda sürüşüb çaya da düşdüm. Ayaqqabımın içi su oldu. Artıq ayağım həm yaş, həm də zədəli idi. Düz evə qədər o yaş ayaqqabı ilə gəldim. Bələdçi nə qədər israr etsə də, ağrının şiddətindən ayaqqabımı çıxarmadım.

“Şahdağa səyahət zamanı ölümlə üz-üzə gəldim”

Fidan 2022-ci ildə 3066 metr yüksəklikdə yerləşən Kəpəzə səyahət edib. Deyir ki, bu səfərdən sağ-salamat qayıdıb: “Elə həmin il 4243 metr hündürlüyündə Şahdağ zirvəsini fəth etmək qərarı verdim. Düşərgədə ilk gecə nəfəs darlığı, başgicəllənmə və ürəyimin bulanması səbəbilə zirvəyə yola düşə bilmədim, bütün günü çadırda qaldım.

Bura növbəti dəfə 2023-cü ildə gəldim.Yarımçıq qalan səfərimi tamamlamaq üçün. Bu dəfə özümü çox yaxşı hiss edirdim. Gecə yola düşdük. Şahdağın zirvə yolu digər dağlardan fərqlənirdi. Maraqlı, eyni zamanda təhlükəli marşrutu var.

Səhər saatlarında zirvəni uğurla tamamladıq. Çox şiddətli külək əsməyə başladı deyə, tez qayıtmalı olduq. Hətta sürətim də həmişəkindən çox idi. Mən və başqa alpinist dostlarım yaxşı yeridiyimiz üçün qrupdan irəli keçdik. Bələdçi bizə gəldiyimiz yolun üzərində qayaların qopduğu divar tərəfdən tez keçməyi, orada gözləməməyi tapşırdı. Biz razılaşdıq və getdik. Amma yolda qəflətən gözüm qaraldı, halsızlaşdım. Alpinist yoldaşıma dayanacağımı dedim. O burada dayanmağın təhlükəli olduğunu bildirdi. Amma mən artıq yeriyə bilmirdim. Həmin qopmuş altıboş qayalardan birinin üstündə oturdum. Alpinist dostum tez mənə kömək etdi, şokoladla çay verib gözlədi. Özümə gələn kimi, yola davam etdik. Həmin divarı təzəcə keçib təhlükəsiz hissəyə addım atmışdıq ki, dəhşətli bir səs eşitdik. Çevrilib arxaya baxanda, həmin yolda divardan böyük qayaların ard-arda düşdüyünü gördük. Çox qorxduq. Çünki bizi təhlükədən saniyələr ayırmışdı. Bir az geciksəydik, faciəli şəkildə həlak ola bilərdik...”

Fidan Tufandağda özünü necə aldadıb?

Həmsöhbətimizin sözlərinə görə, 4191 metr hündürlüyündə Tufandağ və 4062 metr hündürlüyündə Çingiz Mustafayev zirvələri ölkəmizin ən çətin və təhlükəli zirvə yollarından hesab olunur:

- Tufandağ zirvəsinə gedən yolda keçilməli olan daş divarlar var idi. Hansı ki, orada daşlar sürüşüb başımıza düşə bilərdi. Həm də divarın dibindən keçən yol çox ensiz olduğu üçün ani ehtiyatsızlıqdan uçuruma düşə bilərdik. Mahmuddərə adlı yer buzlu və sürüşkən olduğu üçün ciddi çətinlik yaradırdı. Buzlağı keçmək üçün kramponlardan istifadə etməli olduq.

Uğurla Tufandağ zirvəsinə çatdıq. İndi isə çox vaxt itirmədən Çingiz Mustafayev zirvəsinə yola düşməli idik. Çünki oranın yolu daha çətin və daha təhlükəli idi. Zirvəyə qalxıb tez geri qayıtmalı idik ki, hava qaralmamış düşərgəyə çata bilək. Ona görə maksimum cəld yeriməli olduq.

Gəlib iki zirvə arasındakı yerə çatdıq. Artıq kəndirləri geyinib, düyünləri bağlayıb yola bu şəkildə davam etməli idik. Geyindik, hazırlaşdıq və yola düşdük. Elə 2-3 m yerimişdik ki, sağıma və soluma baxdım. Hər iki tərəfimdə uçurum gördüm. Məni şiddətli qorxu bürüdü. Ayaqlarım əsir, başım gicəllənir, ürəyim tez-tez döyünürdü. Dayandığım yerdən geri qayıtmaq isə mümkün deyildi. Çünki iki ayağımı yan-yana qoya biləcəyim yer yox idi.

Yola necə davam edəcəyimi düşündüm və elə o an xəyali bir fikrə fokuslandım. Özümü inandırdım ki, sağım və solum divardır və mən uzun bir dəhlizdə yeriyirəm, heç bir təhlükə yoxdur. Bu fikrə necə inanmışdımsa, zirvəyə demək olar ki, qaça-qaça çatdım...

“Ölüm və təhlükə bizimlə birgə irəliləyirdi...”

 4150 metr hündürlükdə yerləşən Bazaryurd və 4116 metr hündürlükdəki Yarudağ zirvələrinə səyahət də asan başa gəlməyib: “Hətta Yarudağa səfərimiz zamanı yolda barmaqlarımı şaxta vurdu və uzun müddət bunun əziyyətini çəkdim.

5642 metr hündürlükdə Elbrus zirvəsinə dırmanmaq isə ölkədən kənarda ilk yürüşüm idi. Yolda iki dəfə başgicəllənməsi yaşadım. Bələdçinin dəstəyi ilə tez toparlanıb yola davam edə bildim. Başqa ciddi narahatlığım olmadı. Həmin günlərdə yolumuzdakı ən böyük təhlükə külək idi. Belə ki, biz zirvəyə qədər ancaq iplərə bağlı şəkildə yeriməli olduq. Bir ipdən digərinə keçdikdə, əgər karabini gec bağlasaydıq, küləyin təsiri ilə aşağı yuvarlana bilərdik. Burada təhlükə və ölüm əslində hər yerdə bizimlə birlikdə irəliləyirdi.

3726 metr hündürlükdə yerləşən Qızılqaya zirvəsini fəth etmək, Elbrusdan sonra mənə çətin gəlmədi. Amma yenə də -20 C dərəcədə yolumuza davam edib, məqsədimizə çatdıq”.

“Kilimancaro səfərində 4 mövsüm yaşadıq”

Afrikanın ən hündür nöqtəsi, 5895 metr yüksəklikdəki Kilimancaro (Uhuru) zirvəsini fəth etmək Fidan üçün xüsusi önəm kəsb edib, həm də çox maraqlı olub:

- İlk gün yaşıl sıx sarmaşıqlar, banan ağacları, meymun, kərtənkələ, zəhərli bitkilərlə dolu meşələrlə irəlilədik. Hava olduqca isti idi. İlk gün meşədəki 2700 metr hündürlükdə yerləşən düşərgədə dincəldik.

Səhər isə 3720 m yüksəklikdə olan 2-ci düşərgəyə tərəf yola düşdük. İndi hava sərin idi. Sıx meşələri çöllük əvəzləmişdi. Quru bitkilər, irili-xırdalı daşlar, çöl siçanları, ilanlar, buqələmunlar qaçışan uzun yollar... Bu düşərgədə də gecələdikdən sonra, səhər sonuncu düşərgəyə yola düşdük.

Artıq çöllük sahə səhra və quraq ərazilərlə əvəz olmuşdu. Yolda günvurmadan halım qarışdı. Məndə başgicəllənmə, başağrısı başlamışdı. 4700 metr hündürlükdə yerləşən düşərgəyə çatanda hamımızın vəziyyəti pisləşdi. Şiddətli başağrısı keçmək bilmirdi. Oksimetrdə mənim oksigen səviyyəm 64 göstərirdi. 5 ağrıkəsici dərman qəbul etdikdən sonra başağrım axşama doğru azalmağa başladı.

Amma tək problem bu deyildi. Hipoksiya səbəbilə mental sıxıntılar da özünü göstərirdi. Özümü tavanı olmayan hündür həbsxanada hiss edirdim. Nə edəcəyimi bilmirdim, sadəcə burdan qurtulmaq haqda düşünürdüm. Vəziyyət o həddə çatmışdı ki, özümə aid ən adi məlumatları xatırlaya bilmirdim...

...Bir gün düşərgədə qaldıqdan sonra, gecə zirvəyə doğru yola düşdük. Çox qəribə idi, yolu çox rahat gedirdim. Səhər tezdən zirvəyə çatdıq. Geri qayıdanda bizi yolda musson yağışı qarşıladı.

Beləcə, bu səfəri 4 mövsüm yaşayaraq tamamladıq.