ATU-nun Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova: "Hər il olduğu kimi, bu il də tələbələrimizə mütəşəkkil şəkildə xidmət göstəcəyik"

Yeni 2025/2026 tədris ili ərəfəsində ATU-nun Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova hazırlıq işləri haqqında məlumat verib

Azərbaycan Tibb Universitetinin əsas struktur bölmələrindən biri olan Əsaslı Kitabxana yeni tədris ili ərəfəsində tələbələrin istifadəsinə tam hazır vəziyyətə gətirilib. Hal-hazırda kitabxananın fondunda 630 mindən çox ədəbiyyat toplanıb ki, bunların əsas hissəsini tibbi sahəyə aid materiallar təşkil edir.

Kitabxana oxuculara elmi fond, dərslik fondu, xarici ədəbiyyat fondu, dissertasiya və avtoreferatlar fondu, jurnal fondu və qəzet fondu vasitəsilə xidmət göstərir. Qeyd edək ki, Əsaslı Kitabxanada altı oxu zalı fəaliyyət göstərir və bunlardan biri virtual oxu zalıdır.

Yeni tədris ili ilə əlaqədar kitabxanada genişmiqyaslı hazırlıq işləri aparılıb. Tələbələrin ehtiyac duyduğu ədəbiyyat və dərsliklərin mövcud vəziyyəti yoxlanılıb, çatışmayan vəsaitlər barədə rəhbərliyə məlumat təqdim olunub. Müvafiq olaraq, kitab fondunun yenilənməsi və genişləndirilməsi üçün zəruri tədbirlər görülüb.

Həmçinin iş rejimi haqqında məlumat verilib. Sentyabrın 15-dən oktyabrın 1-dək kitabxana 12 saatlıq iş rejimində, oktyabrın 1-dən etibarən isə 24 saatlıq rejimdə fəaliyyət göstərəcək. Həftənin 1-ci, 3-cü və 5-ci günləri 24 saat, 2-ci, 4-cü və 6-cı günləri isə saat 21:00-dək tələbələrə xidmət göstərilməsi nəzərdə tutulub.

Əsaslı Kitabxana bu tədris ilində də tələbələrin təhsil və elmi tədqiqat fəaliyyəti üçün mütəşəkkil şəkildə xidmət göstərməyi və ədəbiyyata əlçatanlığı maksimum dərəcədə təmin etməyi qarşıya məqsəd qoyub.