Azərbaycan Tibb Universitetinin (ATU) məzunları dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərərək, həm peşəkarlığı, həm də universitetlərinin adını layiqincə təmsil edirlər
Onlardan biri də 2008-ci il məzunu, stomatoloq Ülkər Cəfərovadır.
ATU-da aldığı fundamental tibbi biliklər onun peşəkar inkişaf yolunda möhkəm baza olub. O, bir müddət Azərbaycanda həkim kimi çalışıb, beynəlxalq seminar və konfranslarda iştirak edib. Daha sonra isə fəaliyyətini ABŞ-də davam etdirmək qərarına gəlib.
Əvvəlcə Amerika səhiyyə sistemini yaxından öyrənən Ülkər Cəfərova tibb sahəsində işləmək hüququ qazanmaq üçün çətin imtahan mərhələsindən uğurla keçib. ATU diplomunu təsdiqlədikdən sonra elmi araşdırmalar aparıb və əlavə ixtisaslaşma üçün rezidentura proqramına qəbul alıb.
Ü.Cəfərova qeyd edir ki, ABŞ-də tibbi diplomun tanınması olduqca çətin prosesdir: “Çünki burada yalnız amerikalılarla deyil, dünyanın müxtəlif ölkələrindən gələn həkimlərlə limitli sayda proqramlar uğrunda rəqabət aparırsan. Burada həkimləri yalnız biliklərinə görə deyil, bütöv bir şəxsiyyət kimi dəyərləndirirlər. Elmi araşdırmalar, iş təcrübəsi, könüllü fəaliyyət, hətta idman nailiyyətləri belə nəzərə alınır."
Hazırda o, ABŞ-in Ohayo ştatında həkim-resident kimi təhsilini davam etdirir. Çətin və məsuliyyətli bu yolda ona ən böyük dəstək ailəsindən gəlib. Ü.Cəfərova, həmçinin sənəd prosedurlarında ona yardım göstərən Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyliyə, Tədris departamentinin rəhbəri Kamandar Yaqubova və Məzunlarla iş şöbəsinin müdiri Şəfəq Cəbrayılovaya xüsusi təşəkkürünü çatdırır.
Azərbaycan Tibb Universiteti bu gün də məzunları ilə fəxr edir. Dünyanın hər yerində uğurla fəaliyyət göstərən ATU məzunları universitetin güclü akademik ənənələrinin və yüksək tibbi təhsilinin göstəricisidir.