ATU ailəsinin yeni üzvləri ilə görüşlər keçirilib

I kurs tələbələri ilə hərtərəfli məlumatlandırılıb, tədris korpusları və auditoriyalarla tanış olublar

2025-2026-cı tədris ilinin başlanması münasibətilə sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin I kursuna qəbul olunmuş tələbələrlə tanışlıq xarakterli ənənəvi görüşlər keçirilib. Görüşlərdə fakültə dekanları, dekan müavinləri, akademik məsləhətçilər, eləcə də tələbə sevincini yaşayan gənclərin valideynləri iştirak ediblər.

I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov fakültənin birinci kursuna qəbul olunan tələbələri ATU ailəsinə üzv olmaları münasibətilə səmimi qəlbdən təbrik edib. Görüşdə universitetin tədris binaları, klinikaları, yataqxanaları, idman kompleksi, təhsil sistemi, imtahan prosesi, daxili nizam-intizam qaydaları və ali məktəbdə son illərdə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Dekan E.Novruzov fakültənin kafedraları, professor-müəllim heyəti haqqında söhbət açıb və həkimlərin insanların həyatındakı mühüm rolunu vurğulayıb.

Tədbir zamanı I Müalicə-profilaktika fakültəsinin zəngin tarixi, inkişaf yolu və nailiyyətləri haqqında maraqlı videoçarx nümayiş olunub.

* * *

Növbəti görüş İctimai səhiyyə fakültəsinə qəbul olunan tələbələr və onların valideynləri ilə keçirilib. Fakültənin dekanı, dosent Qalina Qəniyeva tələbələri universitet rəhbərliyi və öz adından təbrik edərək, onların valideynlərinə gözaydınlığı verib.

Dekan müavini Nailə Məmmədova tələbələri boloniya kredit sistemi, qiymətləndirmə, kredit borcu və s. barədə məlumatlandırıb. Görüş zamanı tələbələrin gələcəkdə savadlı və peşəkar mütəxəssis kimi yetişməsi üçün daim öz üzərilərində işləməsinin vacibliyi diqqətə çatdırılıb. ATU-nun mövcud maddi-texniki bazası, ictimai təşkilatları, daxili intizam qaydaları, aparılan mühazirələr, praktiki seminarlar və imtahan prosesi barədə də tələbələr hərtərəfli məlumatlandırılıb.

Görüşdə dekanlığın digər nümayəndələri və xüsusi fəallıqları ilə seçilən yuxarı kurs tələbələri də çıxış edərək, I kurs tələbələrini ilk gündən dekanlıqla səmimi ünsiyyət qurmağa, universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıblar.

* * *

Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova fakültənin I kursuna qəbul olunan tələbələri və onların valideynlərini dekanlıq əməkdaşları adından təbrik edib.

Dekan müavini fakültənin tərkibində olan kafedraların fəaliyyəti, tədris prosesinin təşkili, nizam-intizam qaydaları haqqında məlumat verib. O, tələbələri dərslərə ciddi hazırlaşmağa, hər zaman yeni biliklərə açıq olmağa çağırıb. Fakültə nümayəndələri tələbələrin təqaüd, mübadilə proqramları, klinik fənlərin harada keçirilməsi və s. məsələlərlə bağlı suallarını cavablandırıblar.

Görüşdə fakültənin akademik məsləhətçisi Həcər İsmayılova və tələbə dekanı Kəlbi Kəlbiyev də çıxış edərək, gələcəyin diş həkimlərinə uğurlar arzulayıblar.

* * *

II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli də fakültəyə yeni qəbul olunmuş tələbələri ürəkdən təbrik edərək, gələcəyin həkimlərinə uğurlar diləyib. Dekan fakültənin tərkibində olan kafedraların fəaliyyəti, tədris prosesinin təşkili, nizam-intizam qaydaları haqqında söhbət açıb.

Görüş zamanı tələbələr və valideynlər ATU-nun mövcud maddi-texniki bazası, ictimai təşkilatları, mühazirələr, seminarlar, təcrübə imkanları və imtahan prosesi barədə də hərtərəfli məlumat alıblar.

* * *

Daha bir görüş Əczaçılıq fakültəsinin I kurs tələbələri ilə keçirilib. Fakültənin dekanı, dosent Fərəh Mədətli gəncləri təbrik edərək, bu şərəfli peşəyə yiyələnmək yolunda onlara uğurlar diləyib.

Dekan tələbələrə ATU-nun, o cümlədən Əczaçılıq fakültəsinin keçdiyi tarixi inkişaf yolu barədə məlumat verib. O görkəmli dövlət xadimi Əziz Əliyev tərəfindən Azərbaycanda Əczaçılıq İnstitutunun yaradıldığını xatırladaraq bildirib ki, qonşu dövlətlər arasında yeganə ölkə idik ki, əczaçılıq təhsili üçün ayrıca bir institut təsis olunmuşdu. 1942-ci ildən Əczaçılıq İnstitutu Tibb İnstitutunun nəzdində fakültə kimi fəaliyyətini davam etdirib.

Fakültənin beynəlxalq sertifikasiyadan keçməsinin üstünlüklərindən də danışan dekan, məhz bu səbəbdən diplomlarımızın bir çox xarici ölkələrdə tanındığını diqqətə çatdırıb. Yeni tələbə adını qazanmış gənclər dərs keçəcəkləri tədris korpusları, universitet klinikaları, dərs prosesi, imtahan sistemi haqqında da məlumatlandırılıb.

Fakültənin dekan müavini Esmira Hacıyeva, akademik məsləhətçi Gültəkin Acalova, kompüter operatoru Könül Cavadova və tələbə dekan Teymur Rəhimov da öz ürək sözlərini I kurs tələbələri ilə bölüşərək, onlara göstərilən etimadı doğruldacaqlarına əminliklərini bildiriblər.

Görüşdə fakültə məzunlarının uğur hekayələrindən də söz açılıb.

Qeyd edək ki, görüşlərdən sonra I kurs tələbələri və onların valideynləri fakültələrin əməkdaşlarıvə fəal tələbələri müşayiəti ilə universitet şəhərciyini gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olublar.