Əməkdaşımız Çində münsiflər heyətinin üzvü olub

 

ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının doktorantı Qəmər Məmmədbəyli 9-11 sentyabr tarixlərində Çində keçirilmiş “China - Central Asia conference on disease and health” adlı beynəlxalq konfransda iştirak edib.


Konfrans yüksək səviyyədə təşkil olunub və çox məhsuldar keçib. Açılış nitqini konfransın sədri akademik Han Demin söyləyib. Tədbirə 30-dan çox xarici ölkədən tibb sahəsinin nümayəndələri, elm adamları və mütəxəssislər qatılıb. Konfrans çərçivəsində tibb sahəsindəki son yeniliklər, texnoloji nailiyyətlər və elmi-tədqiqat istiqamətləri ilə bağlı təqdimatlar dinlənilib, ümumilikdə 12 istiqamət üzrə plenar sessiyalarda müzakirələr aparılıb.


Q.Məmmədbəyli əczaçılığa dair plenar sessiyada münsiflər heyətinin üzvü kimi, Urumçi Tibb Universitetinin (UTU) tələbələrinin elmi çıxışlarını dəyərləndirib və diskussiyalarda yaxından iştirak edib. Həmçinin universitetin rektoru, professor Haji Akber Aisa ilə görüş baş tutub. Görüş zamanı ATU ilə Urumçi Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi perspektivləri müzakirə edilib, ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandum təqdim olunub.

 

Bundan əlavə, Q.Məmmədbəyli UTU-nun Beynəlxalq əlaqələr ofisinin əməkdaşları ilə görüşərək, universitetin elmi və akademik fəaliyyəti ilə yaxından tanış olub.
Tədbir elmi biliklərin mübadiləsi, beynəlxalq əlaqələrin qurulması və universitetlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyırdı.