Stomatologiya fakültəsinin əməkdaşları üçün elmi seminar keçirilib

Sentyabrın 24-25-də Avstriya Tibb Universitetinin Vyana İnterdisiplinar Stomatologiya Məktəbi (VieSID)tərəfindən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin əməkdaşları üçün “Funksional Diaqnostikanın Mövzuları Seminarı” keçirilib

İki günlük seminar proqramı çərçivəsində iştirakçılar anamnez toplama, əzələ palpasiyası, oklüzoqramma, kondiloqrafiya və digər funksional diaqnostika üsullarını canlı şəkildə təcrübədən keçiriblər. Bununla yanaşı, kraniomandibulyar disfunksiyaların diaqnostikası və müalicəsi üzrə həm nəzəri bilik, həm də praktiki bacarıqlar qazanıblar.

Tədris proqramı stomatologiya sahəsində tətbiq olunan müasir yanaşmaları özündə əks etdirərək VieSID konsepsiyasına əsaslanıb.

Elmi seminarın yüksək səviyyədə təşkilinə isə Azena Dental Consulting təşkilati dəstək verib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində stomatologiya sahəsində beynəlxalq təcrübənin tətbiqinə və müasir yanaşmaların ölkəmizdə inkişafına həmişə xüsusi diqqət yetirilir.