ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsi və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçilığı ilə “Uşaqlarda Diabetik Ketoasidoz” mövzusunda növbəti seminar təşkil olunub
Tədbirin açılışında Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək, rezidentlərin bilik və bacarıqlarının artırılmasında belə seminarların önəmini vurğulayıb. O, Tip 1 diabetin ağırlaşmalarından biri olan Diabetik ketoasidozun diaqnozunun düzgün qoyulması və müalicəsinin vaxtında aparılmasının əhəmiyyətinə diqqət çəkərək mövzunun tibbi praktikada xüsusi aktuallıq daşıdığını bildirib. Qeyd edib ki, bu cür seminarlar gənc həkimlərin nəzəri biliklərini artırmaqla yanaşı, onların klinik qərarvermə bacarıqlarını və kritik situasiyalarda düzgün yanaşma qabiliyyətini möhkəmləndirir.
Bundan sonra klinikanın baş həkimi Fəridə Hacıyeva çıxış edərək seminarın mövzusu barədə məlumat verib və rezidentlərə uğurlar arzulayıb. O, bu formatda keçirilən seminarların rezidentlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini və davamlı olmasının vacibliyini söyləyib.
Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayılov pediatrik praktikada çox rast gəlinən diabetik ketoasidozun təcili vəziyyətlərdən biri olduğunu deyib. Əlavə edib ki, xüsusilə payız mövsümündə rast gəlmə tezliyi artan virus infeksiyaları nəticəsində özünü daha çox büruzə verən diabetik ketoasidozun müalicəsini həm pediatrların, həm də təcili yardım və reanimatoloqların bilməsi zəruridir.
Daha sonra çıxış edən Arzu Bağırova həm də klinikanın rezidentlərinin davamiyyəti haqqında məlumat verib.
Seminar çərçivəsində məruzəni uşaq endokrinologiyası ixtisası üzrə II kurs rezidenti Asya Məmmədli təqdim edib. O, çıxışında vurğulayıb ki, diabetik ketoasidozun diaqnozu və müalicəsi düzgün aparılmadıqda, dehidratasiya, elektrolik imbalansı, beyin ödemi, koma kimi ciddi klinik fəsadlara səbəb ola bilər və düzgün aparılmış müalicə bu ağırlaşmaların qarşısının alınmasında həlledici rol oynayır. Asya Məmmədli həmçinin diabetik ketoasidozun patofiziologiyası, rast gəlmə tezliyi, risk faktorları, differensial diaqnostikanın düzgün aparılmasının önəmindən danışıb. Müalicə və xəstələrin izlənməsi haqqında ətraflı məlumat verib.
Seminarda həmçinin II uşaq xəstəlikləri kafedrasının həkim-müəllimləri – Nigar İbrahimova, Aysel Süleymanlı və ATU-nun Tədris Terapevtik Klinikasının pediatriya və daxili xəstəliklər üzrə həkim-rezidentləri mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Müzakirələr zamanı mövzunun klinik praktikadakı rolu, laborator diaqnostikanın imkanları və tətbiq olunan müasir yanaşmalar geniş şəkildə işıqlandırılıb. İnteraktiv şəraitdə keçən seminarın sonunda məruzəçi Asya Məmmədli mövzu ilə bağlı ona ünvanlanan müxtəlif sualları da cavablandırıb.