ATU-da rezidentlər üçün elmi seminar təşkil olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyə Klinikasında rezident həkimlər üçün növbəti elmi-praktik seminar keçirilib. Tədbir ATU-nun I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə baş tutub

 Seminarın açılışında çıxış edən kafedranın müdiri, professor Nuru Bayramov qeyd edib ki, bu cür elmi tədbirlər rezidentlərin nəzəri biliklərinin təkmilləşdirilməsi və praktik bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, aktual mövzularda keçirilən seminarlar gələcək həkimlərin peşəkar formalaşmasına ciddi töhfə verir.

 Seminar çərçivəsində kafedranın dosenti Tarverdi Rzayev “ERCP zamanı sfinkterotomiya və stentləməni necə icra edirəm?” mövzusunda təqdimatla çıxış edib. Dosent Rzayev iştirakçılara ERCP (Endoskopik Retrograd Xolangioqrafiya) proseduru, öd yollarının anatomiyası, sfinkterotomiya və stentlərin yerləşdirilməsi haqqında ətraflı məlumat verib.

 Tədbirin sonunda dosent Tarverdi Rzayev mövzu ilə bağlı rezidentlərin suallarını cavablandırıb və praktik nüanslara toxunub.