Azərbaycan Tibb Universitetinin əməkdaşları 24–26 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Tibb və Təhsil: Universitetlər və Cəmiyyətlər arasında Birləşmə” adlı Beynəlxalq Elmi-Praktiki Forumda iştirak ediblər
Forumda ATU-nun I Mamalıq və Ginekologiya kafedrasının professoru Kamilova Nigar və dosent Mirzəyeva Xatirə elmi məruzələrlə çıxış ediblər.
Dosent Xatirə Mirzəyeva “Keysəriyyə əməliyyatından sonrakı çapığın diaqnostik kompleks qiymətləndirilməsi və sonrakı doğuşların təbii yolla aparılması” mövzusunda təqdimatla çıxış edib. Məruzədə çapıq toxumasının düzgün qiymətləndirilməsi və bu hallarda vaginal doğuşun təhlükəsiz şəkildə mümkünlüyü elmi əsaslarla izah olunub. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Professor Nigar Kamilova isə “Genital orqanların iltihabi xəstəliklərinin diaqnostikasında yeni təklif olunmuş vaginal güzgülərin təqdimatı” mövzusunda məruzə ilə çıxış edib. Onun təqdim etdiyi və artıq patentləşdirilmiş yeni quruluşlu vaginal güzgü modeli innovativ yanaşmasına görə forum iştirakçılarının böyük marağına səbəb olub.
Forum tibb sahəsində beynəlxalq təcrübə mübadiləsi və universitetlərarası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.