Azərbaycan Tibb Universiteti (ATU) ilə Özbəkistanın Səmərqənd Dövlət Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən qarşılıqlı akademik mübadilə proqramı uğurla davam edir
Bu əməkdaşlıq çərçivəsində Səmərqənd Dövlət Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Firdavs Suratoviç Oripov 2025-ci il 1–7 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetində akademik fəaliyyət göstərib.
Professor Oripov ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasında elmi-tədris prosesində fəal iştirak edib, universitetin professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparıb, tələbələrlə bilik və təcrübəsini bölüşüb. Qonaq mütəxəssis, həmçinin kafedrada aparılan tədris metodları və elmi istiqamətlərlə yaxından tanış olub, birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində professor Firdavs Oripov ATU-nun Beynəlxalq işlər üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqova və histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov ilə də görüş keçirib. Görüş zamanı iki universitet arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və bir sıra əməkdaşlıq imkanları müzakirə olunub.
Bu səfər Azərbaycan və Özbəkistan arasında təhsil və tibb sahəsində strateji tərəfdaşlığın inkişafına, eləcə də beynəlxalq akademik əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.