ATU-da “Biz necə qərar veririk? – Qərarsızlıqdan çıxış yolları” adlı təlim keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Elmi-Tədqiqatların İdarə olunması Departamentinin təşkilatçılığı ilə “Biz necə qərar veririk? – Qərarsızlıqdan çıxış yolları” mövzusunda maarifləndirici təlim keçirilib

Təlimin spikeri – layihə idarəetmə üzrə mütəxəssis, ICF sertifikatlı kouç İlahə Zeynallı qərarvermə prosesində tələbələrə kömək edəcək faydalı bilik və praktik metodlarla çıxış edib.

İlahə Zeynallı tədbirin əvvəlində iştirakçılara təşəkkür edərək öz fəaliyyəti barədə qısa məlumat verib, daha sonra qərarvermə bacarıqları və qərarsızlıqdan çıxış yolları barədə danışıb:

“Dünyada insan sayı qədər fərqli qərarvermə üsulları mövcuddur. Əsas məqsəd – bizi qərar verməyə təşviq edən və ya bu prosesdə mane olan amilləri tanımaq, öz qərarvermə stilimizi formalaşdırmaq və “kölgə tərəflərimizi” zərərsizləşdirməkdir”.

Spiker qeyd edib ki, insanların çoxu bəzən başqalarının “qərarsızsan”, “gecikirsən” kimi etiketlərinə görə psixoloji təzyiq hiss edir. Halbuki bu cür vəziyyətlərdə insan öz xüsusiyyətlərinin fərqində olarsa, bu tənqidlər artıq onu sarsıtmır, əksinə, inkişaf üçün stimul rolunu oynayır.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların şəxsi təcrübələrinə əsaslanan nümunələr dinlənilib. İlahə Zeynallı qərarvermə prosesində Neyro-linqvistik proqramlaşdırma (NLP) metodlarından istifadə edərək öyrənmə mərhələlərini izah edib. O, vurğulayıb ki, insan əvvəlcə qərarsızlığının fərqinə varır, daha sonra bu vəziyyəti dəyişdirmək üçün öyrənməyə və təcrübə toplamağa başlayır.

Təlimdə “Eisenhower matrisi” əsasında qərarların vaciblik və təcillik dərəcəsinə görə prioritetləşdirilməsi, eləcə də “Altı şapka metodu” üzrə qərarvermədə fərqli düşüncə aspektlərinin – faktlar, emosiyalar, tənqidi yanaşma, müsbət nəticələr, kreativ təkliflər və nəzarət mexanizmlərinin rolu barədə ətraflı məlumat verilib.

İştirakçılarla birgə aparılan diskussiya zamanı tələbələr gündəlik həyatlarında verdikləri qərarlardan, bəzən isə qərarsız qaldıqları məqamlardan danışıblar. Onlar kouçun rəhbərliyi ilə praktiki tapşırıqlar yerinə yetirərək fərdi qərarvermə bacarıqlarını təkmilləşdiriblər.

Təlimin sonunda İlahə Zeynallı bildirib ki, qərarvermə bacarığı həyatın bütün sahələrində uğurun əsas açarıdır. Çünki bir fərd olaraq güclü və zəif tərəflərini tanıyan insan daha inamlı, məqsədyönlü və balanslı qərarlar qəbul edə bilər.

Qeyd edək ki, qərarsızlıq müasir gənclərin ən çox rastlaşdığı psixoloji çətinliklərdən biridir. Belə təlimlər gənclərin özünüdərkini, məsuliyyət hissini və şəxsi inkişafını təşviq edir.

Kouçinq (ing. Coaching) – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və fərdi inkişaf prosesidir. Kouç isə bu prosesdə insanın potensialını üzə çıxararaq onun məqsədlərinə çatmasına dəstək olan şəxsdir.