Azərbaycan Tibb Universiteti ilə Qazaxıstan Milli Tibb Universiteti arasında akademik əməkdaşlıq uğurla həyata keçirilir

8–13 sentyabr tarixlərində Azərbaycan Tibb Universiteti (ATU) ilə S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində akademik mobillik proqramı uğurla həyata keçirilib

Proqram çərçivəsində Qazaxıstan Milli Tibb Universitetinin Ümumi İmmunologiya kafedrasının dosenti Aliya Adilsariyevna Nurmuxanbetova ATU-nun Allerqologiya və İmmunologiya kafedrasında akademik mobillikdə iştirak edib. Mobillik müddətində “Allerqologiya və immunologiya” fənlərinin sillabusu və tədris planlarının məzmunu müzakirə olunub, kafedra əməkdaşları ilə dəyirmi masa təşkil olunub və tanışlıq mühazirəsi təqdim olunub.

Tədrisin təşkili, praktik məşğələlər, distant tədris platformalarından istifadə və immun sistemlə bağlı xəstəliklərin diaqnostika və müalicə üsulları üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, professor-müəllim heyəti, rezidentlər və kafedra müdirləri ilə görüşlər təşkil edilərək elmi əməkdaşlıq və beynəlxalq qrantlarda birgə iştirak imkanları müzakirə olunub.

Həmçinin, tərəflər gələcək əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf istiqamətlərini müəyyənləşdiriblər.

Bu akademik mobillik proqramının kafedrada təşkili, Allerqologiya və İmmunologiya kafedrasının müdiri, professor Lala Allahverdiyeva və tədris işləri üzrə müdir müavini Nailə Quliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilib.

Azərbaycan Tibb Universiteti rəhbərliyi S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetinə və “Allerqologiya və immunologiya” kafedrasına səmərəli əməkdaşlığa, yüksək səviyyədə təşkil olunmuş tədbirə və səmimi qəbula görə təşəkkürünü bildirib.