Əməkdaşımız  beynəlxalq konqresdə universitetimizi təmsil  edib

Oktyabrın 9-11-də Türkiyənin İstanbul şəhərində (Ataşehir, Sheraton Grand Istanbul hotel)  uşaqlarda döş qəfəsi xəstəliklərinə həsr olunmuş 9-cu konqres keçirilib

Xarici ölkə alimlərinin də iştirak etdiyi konqresdə  pediatrik pulmonologiyanın  aktual məsələləri ilə yanaşı, ilk dəfə olaraq döş qəfəsi deformasiyalarının yaratdığı  problemlər və onların ən müasir səviyyədə həlli yollarından danışılıb. Uşaqlarda  son illər geniş yayılmış  respirator infeksiyalar, onların törətdiyi bronx-ağciyər xəstəlikləri, xronik öskürəklərin səbəbləri, vizinq sindrom, obstruktiv yuxu apnoesi, ətraf mühitin, ekologiyanın, tütünün uşaq yaşı  xəstəliklərinə təsiri barədə geniş təqdimatlar olub. Həmçinin bronxial astma, allergik rinit kimi allergik xəstəliklərin uşaqlarda gedişi, diaqnostikası və müalicəsində son yeniliklər, klinik protokollarda olan əlavələr, uşaqlarda immun çatışmazlıqlar, tənəffüs yollarının anadangəlmə anomaliyaları, kistik fibroz, vərəm, döş qəfəsi xəstəlikləri zamanı təcili və təxirəsalınmaz yardım tələb edən patologiyalar və s. aktual mövzularda bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb.

Ölkəmizi beynəlxalq tədbirdə universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova təmsil edib. Əməkdaşımızın “Xışıltılı uşaqlarda fürsətçi infeksiyaların rolu, onların törədicilərinin tezliyi və atopiya ilə əlaqəsi”  mövzusunda çıxışı  konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.