ATU-da hərbi təbabət üzrə ilk fəlsəfə doktoru hazırlandı

ATU-da ilk dəfə “Hərbi təbabət” ixtisası üzrə fəlsəfə doktoru diplomu təqdim olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsinin Tibbi profilaktika kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Bakir oğlu Əhmədova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ölkəmizdə ilk dəfə “Hərbi təbabət – 7303.01” ixtisası üzrə fəlsəfə doktoru diplomu təqdim edilib.

Tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov 2018–2022-ci illərdə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda “Hərbi təbabət” ixtisası üzrə adyunktura (doktorantura) təhsilini tamamlayıb. Onun “Hərbi qulluqçularda ilkin aşkarlanmış vərəmin epidemioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işi Epidemiologiya və biostatistika kafedrasının professoru Vaqif Vəkilovun elmi rəhbərliyi, Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun elmi məsləhətçiliyi ilə yerinə yetirilib.

2023-cü ilin mayında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Tibb Universiteti nəzdində yaradılan Birdəfəlik Dissertasiya Şurası BFD 4.16 tərkibinə “Hərbi təbabət” ixtisası daxil edilib. Şuraya Tədris-Terapevtik Klinikanın direktoru, professor Vəsadət Əzizov sədrlik edib, professor Məhərrəm Niftullayev sədr müavini, dosent Töhfə Sadıqova isə elmi katib kimi fəaliyyət göstərib.

Elmi seminar 2023-cü ilin dekabrında Hərbi Tibb Fakültəsində, Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayevin sədrliyi ilə keçirilib. 14 may 2024-cü ildə Saleh Əhmədov fəlsəfə doktorluğu işini uğurla müdafiə edib. Müdafiə prosesində Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev iştirak edərək dissertasiya barədə fikirlərini bölüşüb.

10 oktyabr 2025-ci il tarixində “Hərbi təbabət” üzrə fəlsəfə doktoru diplomu Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev tərəfindən tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədova təqdim olunub.

Bu mühüm elmi nailiyyət Hərbi Tibb Fakültəsinin fəaliyyətində əlamətdar hadisə olmaqla yanaşı, fakültə əməkdaşları üçün də stimullaşdırıcı nümunə yaradıb. Belə ki, Hərbi terapiya kafedrasının müəllimi, tibb xidməti mayoru Zeynal Abdullayev və Rezidentura bölməsinin zabiti, tibb xidməti kapitanı Aynəddin Aslanov 2025/2026-cı tədris ilində “Hərbi təbabət” ixtisası üzrə adyunktura (doktorantura) təhsilinə qəbul olunublar.