Rezidentlər üçün növbəti elmi seminar keçirilib

ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün “Hamiləlikdə prenatal tarama testləri (ikili, üçlü və dördlü test)” mövzusunda növbəti seminar keçirib.
Seminarın laborator təcrübəyə əsaslanan və klinik əhəmiyyət daşıyan aktual bir mövzuya - prenatal diaqnostikada istifadə edilən skrininq testlərinə həsr olunduğunu söyləyən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent dr. Namiq Xəlilov bildirib ki, prenatal tarama testləri hamiləlik dövründə genetik risklərin erkən aşkarlanmasında və düzgün klinik qərarların verilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür seminarlar gənc həkim- rezidentlərin nəzəri biliklərini gücləndirməklə yanaşı, onların klinik qərarvermə bacarıqlarını və multidisiplinar əməkdaşlıq anlayışını da inkişaf etdirir.

Tədbirdə klinikanın adıçəkilən şöbəsinin müdiri dr. Leyla Həşimova, klinik biokimya mütəxəssisi dr. Bəsti Məmmədova, eləcə də Ginekologiya və digər şöbələrin həkim və rezidentləri iştirak ediblər. Laboratoriyanın müdiri L.Həşimova çıxışında qeyd edib ki, prenatal tarama testlərinin düzgün icrası və nəticələrinin interpretasiyası yalnız laborator göstəricilərin analizi ilə məhdudlaşmamalı, klinik məlumatlarla inteqrasiya olunmalıdır. O, laborator mütəxəssis və klinisist arasında effektiv əməkdaşlığın prenatal diaqnostikanın dəqiqliyini artırdığını və yanlış pozitiv nəticələrin qarşısını aldığını vurğulayıb.

Seminar çərçivəsində Klinik-diaqnostik laboratoriya şöbəsinin II kurs həkim- rezidenti Əli Eynullayevin məruzəsi dinlənilib. O, hamiləlikdə prenatal tarama testləri haqqında geniş məlumat verərək, bu testlərin diaqnostik deyil, risk qiymətləndirmə məqsədi daşıdığını, əsas məqsədin dölün xromosom anomaliyaları (Daun, Edvard, Patau sindromları) və sinir borusu defektləri (NTD) baxımından ehtimal riskini müəyyənləşdirmək olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, ikili test hamiləliyin 11-14-cü həftələrində aparılır və PAPP-A və Free β-hCG markerlərinə əsaslanır. Hamiləliyin 15-20-ci həftələrində həyata keçirilən üçlü testin isə AFP, hCG, uE3 parametrləri qiymətləndirilir. Dördlü test də 15-20-ci həftələrdə həyata keçirilir, amma əlavə olaraq İnhibin-A göstəricisi də nəzərə alınır. Buna görə də üçlü testə nisbətən daha dəqiq nəticə verir. Məruzəçi bildirib ki, testlərdə əldə olunan MoM (Multiple of Median) dəyərləri yaş, hamiləlik həftəsi və ultrasəs müayinəsinin (USM) nəticələri ilə birlikdə qiymətləndirildikdə, daha real risk səviyyəsi müəyyənləşir. O əlavə edib ki, doğru hamiləlik həftəsinin müəyyən olunmaması prenatal testlərdə yalançı pozitivliklərin ən əsas səbəblərindən biridir.
Müzakirələr zamanı B.Məmmədova 35 yaşdan yuxarı və əkiz hamiləliklərdə test nəticələrinin qiymətləndirilməsi ilə bağlı sual ünvanlayıb. Əli Eynullayev bildirib ki, 35 yaşdan yuxarı hamilələrdə xromosom anomaliyaları riski yüksək olduğundan, bu qrupda prenatal skrininqlər mütləq aparılmalıdır. Əkiz hamiləliklərdə isə biomarkerlərin fizioloji olaraq yüksək səviyyədə olması səbəbindən səhv pozitiv nəticələr ehtimalı artır.
O, L.Həşimovanın MoM dəyərlərinin yüksək olması ilə genetik anomaliya riski arasındakı əlaqə barədə sualını da cavablandıraraq qeyd edib ki, MoM dəyərləri risk göstəricisidir, lakin birbaşa anomaliya sübutu deyil. Bu dəyərlərin doğru interpretasiyası yalnız yaş, hamiləlik həftəsi və ultrasəs göstəriciləri ilə birlikdə aparıldıqda real nəticə verir.
Seminarın sonunda mövzuya uyğun situasiya tapşırığı təqdim olunub və iştirakçılar analiz nəticələrinin interpretasiyasını praktiki şəkildə müzakirə ediblər.