16–18 oktyabr 2025-ci il tarixlərində Qazaxıstanın Cənubi Qazaxıstan Tibb Universitetində keçirilən Gənc tədqiqatçıların və tələbələrin III Beynəlxalq Forumunda Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri uğurla iştirak ediblər
Forumda ATU nümayəndə heyətinə Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı Aynur Abduləliyeva kuratorluq edib.
Tədbir çərçivəsində ATU-nun II Müalicə-profilaktika fakültəsinin tələbəsi Qəmzə Rəhimova “Hamiləlik dövründə herpesvirus infeksiyaları: klinik nəticələr və diaqnostik strategiyalar” mövzusunda təqdimatla çıxış edərək 30 iştirakçı arasında 2-ci yerə layiq görülüb.
ATU-nun Hərbi Tibb fakültəsinin tələbəsi Orxan Muxtarov isə “Cərrahi əməliyyatlardan sonrakı ağırlaşmalar zamanı izolə olunan bakteriyaların mikrobioloji diaqnostika üsulları” adlı tədqiqat işi ilə 4-cü yeri qazanıb.
Tədbirdə ATU-nun I Müalicə profilaktika fakültəsinin tələbəsi Fidan Əliyeva, II Müalicə profilaktika fakültəsinin Fariz Əliyev, Esmanur Məmməd, Qəmzə Rəhimova, Nəzrin Rəhimli, Ömər Nuriyev, Gözəl Fərhadlı, Aslan Ələkbərov və Orxan Muxtarov tələbələri iştirak edib.
Forum iştirakçıları müxtəlif ölkə və universitetlərin nümayəndələri ilə elmi fikir mübadiləsi aparmaq, tibb sahəsində yeni bilik və yanaşmalarla tanış olmaq imkanı əldə ediblər. Bu, tələbələrin elmi potensialının inkişafı və beynəlxalq səviyyədə təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı Azərbaycan Tibb Universiteti ilə Cənubi Qazaxıstan Tibb Universiteti arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi dəstəyə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyli adına təşəkkür məktubu ünvanlanıb.
ATU tələbələrinin bu beynəlxalq forumdakı uğurlu iştirakı universitetin elmi-tədris səviyyəsinin, tələbələrin tədqiqat bacarıqlarının və beynəlxalq əlaqələrinin inkişafını bir daha nümayiş etdirir.