Azərbaycan Tibb Universitetinin (ATU) Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova 16–18 oktyabr 2025-ci il tarixlərində Özbəkistanın Karakalpaqstan Respublikasının Nukus şəhərində keçirilən III Beynəlxalq Elmi Konfransda iştirak edib
“Preservation of Biomultiformity – Modern Issues, Solutions and Perspectives” (“Biomüxtəlifliyin qorunması – Müasir problemlər, həll yolları və perspektivlər”) adlı beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən elm və təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər bir araya gəlib.
Konfrans çərçivəsində professor Gülnarə Əzizova “Clinical markers and their importance in the diagnosis of colorectal cancer” (“Klinik markerlər və onların yoğun bağırsaq xərçənginin diaqnostikasında əhəmiyyəti”) mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə klinik markerlərin erkən diaqnostika və effektiv müalicə strategiyalarının müəyyən edilməsində rolu elmi əsaslarla izah olunub.
Tədbirdə iştirak professor Gülnarə Əzizovanın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəallığını, həmçinin Azərbaycan Tibb Universitetinin elmi potensialının beynəlxalq arenada təbliğinə verdiyi töhfəni bir daha nümayiş etdirib.