Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Ankara və İstanbul universitetlərinin birgə himayəsi altında Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA, WAML - World Association for Medical Law) 29-cu konqresi keçirilib. Müxtəlif ölkələrdən tibbi hüquq və bioetika üzrə tanınmış alimlər, hüquqşünaslar və səhiyyə mütəxəssisləri bu dəfə “Vulnerability in 21st century: respect and protection” mövzusu ətrafında bir araya gəlib.
Beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyan tədbirdə Türkiyə və Belçikadan sonra Azərbaycandan ən geniş - 27 alim və mütəxəssisin daxil olduğu nümayəndə heyəti iştirak edib. Universitetimiz tədbirdə Məhkəmə təbabəti kafedrasının professoru, tibb və hüquq elmləri doktoru, DTHA-nın baş katibi Vüqar Məmmədov, Əczaçılıq kimyası kafedrasının dosenti, əczaçılıq elmləri doktoru Cəmilə Yusifova, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, DTHA-nın üzvü Aidə Bəndəliyeva, Qidalanma və tibbi ekologiya kafedrasının baş laborantı Arzu Məmmədli ilə təmsil olunub. Onlar konqres çərçivəsində tibbi hüquq və bioetika sahəsində aktual mövzular, səhiyyə və hüquq sistemlərinin inteqrasiyası, pasiyent hüquqlarının qorunması, əlillik və reabilitasiya, bioetika və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə aparılan geniş müzakirələrdə Azərbaycan təcrübəsini təqdim edib, eyni zamanda yeni elmi əməkdaşlıqlar üçün mühüm addımlar atıblar. Məruzələrin ilin sonunadək DTHA-nın rəsmi nəşri olan “Medicine and Law” (“Tibb və Hüquq”) jurnalında çap olunması nəzərdə tutulub.
Qeyd edək ki, DTHA 1967-ci ildən tibb və səhiyyədə insan hüquqlarının, hüquq və bioetikaya aid mutikultural və fənlərarası problemlərin, həyat və sağlamlığın qorunmasının tədqiqatı məqsədilə hüquq, tibb və bioetika üzrə mütəxəssisləri birləşdirən peşəkar assosiasiyadır. O, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi kimi bir çox nüfuzlu beynəlxalq və milli peşəkar təşkilatlarla sıx əməkdaşlıq edir.
Universitetimizin əməkdaşlarının beynəlxalq konqresdə fəal iştirakı bir daha sübut edir ki, Azərbaycan alimləri beynəlxalq elmi məkanın fəal iştirakçılarıdır və müasir qlobal çağırışların həllində söz demək imkanlarına sahibdirlər.
Yeri gəlmişkən, Assosiasiyanın növbəti - 30-cu konqresi 2026-cı ilin avqust ayında Belçikanın Antverpen şəhərində keçiriləcək. ATU əməkdaşları və tələbələrimiz konqresdə iştirak və çıxış etmək, tezislər göndərmək üçün dəvət olunur. İştirak şərtləri https://wafml.wildapricot.org/30th-World-Congress-for-Medical-Law-Antwerp-Belgium ünvanında yerləşdirilib.