Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində fakültə rəhbərliyinin bütün kursların qrup rəhbərləri ilə görüşü keçirilib. 21 oktyabr 2025-ci il tarixində baş tutan görüşdə fakültə dekanı, dosent Elmira Əliyeva tələbələrin tədris fəaliyyəti və gündəlik universitet həyatı ilə bağlı aktual məsələləri müzakirə edib.
Görüş zamanı nizam-intizam, dərs iştirakının səviyyəsi, akademik prosesin təşkili və qarşıdakı aralıq, eləcə də qış imtahanlarının keçirilmə qaydaları barədə ətraflı söhbət aparılıb. Tələbələr fikirlərini bölüşüb, suallar ünvanlayıb, fakültə rəhbərliyi isə onları dinləyərək ətraflı cavablar verib.
Dekan Elmira Əliyeva çıxışında qeyd edib ki, tələbələrin akademik mühitdə daha fəal və məsuliyyətli mövqe tutması fakültənin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Bizim əsas məqsədimiz tələbələrin tədris prosesində iştirakını gücləndirmək, onları həm nəzəri, həm də praktiki biliklər baxımından daha da təşviq etməkdir. Nizam-intizam və davamiyyət bu məqsədə çatmaq üçün ən vacib şərtlərdəndir.”
Səmimi mühitdə keçən görüşdə tələbələrə tövsiyələr verilib, onların təklifləri dinlənilib və qarşıdakı imtahan dövrü ilə bağlı zəruri məlumatlar paylaşılıb.