Azərbaycan Tibb Universiteti öz əcnəbi tələbələri üçün ən yaxşı şəraiti təqdim etməyə çalışır
Universitetimizin Əcnəbi təhsilalanlarla iş üzrə dekanlığı əcnəbi dinləyicilər, tələbələr, rezidentlər və doktorantlarla işin təşkili üçün yaradılıb. Dekanlığın fəaliyyəti və yeniliklərlə bağlı ətraflı məlumat əldə etmək üçün dekan Natiq Bayramovla söhbətləşdik.
Onun bildirdiyinə görə, dekanlığın fəaliyyət dairəsi həm bakalavriat, həm də baza ali tibb təhsili, magistratura, rezidentura və doktorantura pillələrində təhsil alan əcnəbiləri əhatə edir: “Universitetimizə daxil olmaq istəyən bütün əcnəbi tələbələr portal.edu.az saytı üzərindən müraciət edirlər. Bu, Elm və Təhsil Nazirliyinin vahid platformasıdır. Müraciət edənlər rektorun əmri ilə təşkil olunmuş Xüsusi Qəbul Komissiyası tərəfindən onlayn qaydada müsabiqədən keçir. Müsabiqədən keçənlər müvafiq fakültələrə Azərbaycan, ingilis və rus dilləri üzrə qəbul olunurlar. Bu prosedurdan sonra abituriyent universitetə gəlir, müqavilə bağlayır və hazırlıq kursunda dərslərə başlayır”.
Dekan 1-ci kursa daxil olmaq istəyən əcnəbilərin iyuldan sentyabrın ilk həftəsinədək müraciət etmək imkanlarının olduğunu diqqətimizə çatdırdı. Təşkil olunmuş müsabiqələrdən keçənlər birbaşa 1-ci kursa qəbul edilir: “Hazırlıq şöbəsində isə dərslər yanvar ayından başlayır, iyulun 1-ci həftəsinədək davam edir. Bundan sonra universitetdaxili test vasitəsilə imtahan keçirilir. İmtahandan müvəffəqiyyət qazananlar 1-ci kursa qəbul olunurlar.
Fəaliyyətimizin digər istiqamətlərindən biri universitetə daxil olan tələbələri Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə əlaqələndirməkdir. Nazirlər Kabinetinin 125 saylı əmrinə əsasən, ölkəmizdə təhsil alan əcnəbi tələbələr mütləq Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Müvafiq qanunvericiliyə görə, hazırlıqda və 1-ci kursda təhsil alan tələbələrə 90 gün vaxt verilir. Bu müddət ərzində qeydiyyatdan keçməli, müvəqqəti yaşama izni almalıdırlar. Tələbələrin problemlərlə üzləşməməsi üçün onlara DMX ilə necə əlaqə saxlamağı izah edir, yardımçı oluruq.
Tələbələr öz seçimlərinə uyğun olaraq, universitetin yataqxanasında və ya şəxsi evlərdə qala bilərlər. Onlar ASAN xidmət mərkəzlərindən müvəqqəti yaşama izni aldıqdan sonra biz onlara kodlar verir, müvafiq fakültələrdə yerləşdiririk. Hansı ölkədən olduqlarını nəzərə alaraq, əcnəbi tələbələri bir qrupda cəmləməyə çalışırıq. Eyni zamanda Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovla əlaqəli şəkildə işləyir, eyni ölkədən olan tələbələrin eyni otaqlarda yerləşdirilməsinə üstünlük veririk. Bu halda həm nəzarət güclü olur, həm də tələbələr universitetdəki şəraitdən daha yaxşı yararalana bilirlər”.
Natiq müəllim sualımıza cavab olaraq qeyd etdi ki, əcnəbi tələbələr həm öz şəxsi, həm də müəyyən qrantlar və təqaüdlər hesabına təhsil alırlar: “Hazırda universitetimizdə “Heydər Əliyev adına təqaüd”lə 10 nəfər təhsil alır. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin vətəndaşlarından da təşkilatın qrantı hesabına oxuyanlar var.
Tələbələrimizi maarifləndirmək məqsədi ilə mütəmadi olaraq tədbir və görüşlər keçirir, onları universitetin daxili nizam-intizam qaydaları ilə tanış edirik. Qaydaları pozan tələbələrə ilk öncə töhmət verilir, ciddi pozuntular olarsa, universitetdən xaric edilir. Hazırda Tibb Universitetində 2318 nəfər əcnəbi tələbə təhsil alır”.
N.Bayramov əcnəbi tələbələrin Tələbə Elmi Cəmiyyətinin xətti ilə əldə etdikləri uğurlara da toxundu. Bildirdi ki, üç il öncəyədək onlar demək olar ki, fakültə TEC-lərə cəlb olunmurdular: “İndi isə çoxlu sayda əcnəbi tələbə TEC-in sıralarındadır və elmi araşdırmaları ilə yerlər tutur, uğur qazanırlar. Statistikaya nəzər salanda, TEC-də iştirak edən əcnəbilərin sayı azərbaycanlı tələbələrin 40 faizini təşkil edir. Bu isə ciddi rəqəmdir və sevindirici haldır.
Tələbələrimiz idman və musiqi sahələrində də özlərini sınayır, universitetin ictimai həyatında aktiv iştirak edirlər. Məsələn, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şuşa reallığı” adlı tədbir keçirildi. Orada universitetimizdən 10 tələbə iştirak etdi və yerlər qazandı. Onlar öz ölkələrinə Qarabağla, Şuşa ilə bağlı böyük təəssüratlarla döndülər. Əcnəbi tələbələrimizin bu uğurları, eləcə də onların şəxsi maraqları, bacarıqları, tələbə həyatı ilə bağlı mütəmadi olaraq universitetimizin “Təbib” qəzetində, sosial media hesablarımızda materiallar yayımlanır”.
Söhbətimizin sonunda N.Bayramov tələbələrin sağlamlığının daim diqqət mərkəzində olduğunu vurğuladı. Universitetin Elmi Şurasının qərarı ilə onlar artıq 3-cü ildir ki, “PAŞA sığorta” ilə bağlanmış müqavilə əsasında hər ilin sentyabrında məcburi sığorta olunur. Sığorta paketinə 40-dan artıq klinika daxildir. Paketdə universitetimizin Tədris Cərrahiyyə, Tədris Terapevtik və Tədris Stomatoloji klinikaları da var.