Əməkdaşımız Ege Universitetində ezamiyyətdə olub

Normal fiziologiya kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mehri Seyidbəyli “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetinə ezam olunub.

O, fiziologiya fənnindən tələbələrə və uzmanlıq üzrə təhsil alan həkimlərə mühazirə və laboratoriya dərsləri keçib, tədris prosesinin təşkili və metodologiyası barədə elmi mübadilə aparıb. “Elm və qardaşlıq körpüsü” adlı seminarda M.Seyidbəyli Azərbaycan Tibb Universitetinin yaranma tarixindən bu günə qədər keçdiyi inkişaf yolunu, elmi nailiyyətlərini, tələbələrin tədris və sosial şəraitini, beynəlxalq əməkdaşlıqları və universitetin tibb elminin yenilənməsi və inkişafındakı mühüm rolunu iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin Ege Universitetinin rəhbərliyi tərəfindən mədəni tanışlıq proqramı da təşkil olunub. Proqramda adıçəkilən universitetin professor-müəllim heyəti, türk dövlətlərindən olan nümayəndələr İzmir yaxınlığında yerləşən Alaş Kazak Vadisindəki “Kımız Çiftliyi”ni ziyarət edib, türk xalqlarının tarixi yaşam tərzi, ox atmaq, at çapmaq kimi qəhrəmanlıq ənənələri ilə tanış olublar.

Təşkil olunan musiqi axşamında Ege Universiteti Konservatoriyasının müəllim və tələbələri saz, kaman və dombranın müşayiəti ilə “Sarı Gəlin”, “Nazəndə sevgilim”, “Ayrılıq” kimi Azərbaycan mahnılarını da ifa ediblər.