ATU-da Konstitusiyanın 30 illiyinə və suverenliyin bərpasına həsr olunmuş konfrans keçirilib

Noyabrın 5-də ATU-nun İctimai fənlər kafedrasında “Konstitusiyamızın 30 illiyinə və suverenliyimizin bərpasına” həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Kafedranın müdiri, professor Qoşqar Əliyev tədbirdə giriş nitqi ilə çıxış edib.

Kafedra müdiri bildirib ki, 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib: “Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilib və biz də bu gün həmin əlamətdar hadisəyə həsr olunmuş tədbir keçirməyi qərara aldıq. Azərbaycan Konstitusiyası 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilib və dövlət müstəqilliyimizin hüquqi əsasını yaradıb. Həmin dövrdə Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik və inkişaf təmin olunub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edilib, 2023-cü ildə isə ölkəmizin suverenliyi tam bərpa olunub. Azərbaycan artıq güclü, müstəqil və dünyada nüfuz qazanan dövlətdir. Bu uğurlar şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti sayəsində əldə olunub”.

Sonra söz məruzəçi tələbələrə verilib. Aysun Rəsulova “30 illik Konstitusiyamızın bəhrələri”, Asiman Qasımova “Şanlı Qələbəmiz Azərbaycanın suverenliyini bərpa etdi”, Ayşə Şıxıyeva “Qanla yazılmış qürur tarixi”, Əli Məmmədov “Dəmir Yumruğun fəlsəfəsi (II Qarabağ müharibəsi timsalında”, Günay Abbasova “Xalqımızın Zəfər bayramı”, Gülşən Qarazadə “Tarixi Zəfərimizin memarı”, Aysu Qəribova “Azərbaycan Konstitusiyasında suverenlik və dövlət atributları”, Lahirə Hüseynova “Antiterror əməliyyatı” və Şakir Orucov “Azərbaycan ordusunun texnoloji modernləşməsi və müasir hərbi innovasiyalar” mövzularında çıxışlar
ediblər.

Məruzələrdə vurğulanıb ki, Azərbaycanın 2020-ci il Qarabağ müharibəsində qazandığı zəfər xalqın birliyi və ordunun rəşadəti sayəsində mümkün olub. Müharibə yalnız hərbi qələbə deyil, həm də milli iradənin və dövlətçiliyin təntənəsidir. Azad edilmiş torpaqlarda qurulan yeni həyat və gələcək nəsillərə ötürülən dəyərlər bu zəfərin davamlılığını təmin edir.

Tədbirin sonunda konfransı aparan İctimai fənlər kafedrasının müəllimi, tarixçi Aidə Təhməzova və kafedranın müdiri, professor Qoşqar Əliyev tələbələrə minnətdarlıqlarını bildirərək onlara uğurlar arzu ediblər.