ATU Kitabxanası ANKOSLink 2025-də təmsil olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova 4–6 noyabr 2025-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən ANKOSLink 2025 Beynəlxalq Konfransında iştirak edib.

“Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Transformasiya” mövzusuna həsr olunan ANKOSLink 2025 konfransı Türkiyə və regionun ən nüfuzlu nəşriyyat və kitabxanaçılıq platformalarından biri hesab olunur. Tədbirdə 37 xarici ölkədən 700-dən çox mütəxəssis iştirak edib.

Konfrans Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Prezident Milli Kitabxanasında təşkil olunub. 125 min m² sahəsi və 5 min nəfərlik oturma tutumu ilə dünyanın üçüncü ən böyük kitabxanası sayılan bu kitabxanada 5,1 milyondan çox çap nəşri və ümumilikdə 141,7 milyon resurs mövcuddur. Burada 112 ölkədən 135 fərqli dildə əsərlər yer alır və kitabxana bütün vətəndaşların istifadəsinə açıqdır.

Konfransın rəsmi açılışı Prezident Kitabxanaları İdarəsinin müdiri Ayhan Tuğlu, ANKOS prezidenti İsmail Çetinkaya və Türkiyənin təhsil naziri Erol Özvarın çıxışları ilə baş tutub. Daha sonra “Clarivate” şirkətinin məsləhətçi direktoru Vəlid Həsən Türkiyədə elmi tədqiqatların “Open Access” (Açıq Giriş) istiqamətində inkişafı barədə təqdimatla çıxış edib.

Növbəti günlərdə beynəlxalq şirkət və nəşriyyat nümayəndələrinin təqdimatları dinlənilib. Tədbirdə “Kitabxana 5.0” konsepsiyası, insan mərkəzli rəqəmsal transformasiya, rəqəmsal məzmunun qorunması və əlçatanlığı, süni intellekt və etik məsələlər, həmçinin akademik kitabxanalarda süni intellektin rolu kimi mövzular müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti beynəlxalq platformada həmkarlarla təcrübə və fikir mübadiləsi apararaq kitabxana sahəsindəki yeni tendensiyalar və innovativ yanaşmalarla tanış olub.

Konfransın rəsmi bağlanış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək iştirakçıları salamlayıb və “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Transformasiya” konfransının kitabxanalar və kitabxanaçılar üçün faydalı olacağına inamını ifadə edib. Prezident çıxışının sonunda Anadolu Universiteti Kitabxanaları Konsorsiumuna və Prezident Milli Kitabxanasının əməkdaşlarına konfransın təşkilinə görə təşəkkür edib.