Noyabrın 7-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş futzal üzrə (məşqçi-müəllim Şükür Bayramov) yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov, ATU-nun Hərbi tibb fakültəsinin dekanı, tibb xidməti polkovniki Məharət Rzayev, məşqçi-müəllimlər və tələbələr iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb.
Bundan sonra çıxış edən “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov Zəfər Gününün əhəmiyyətini vurğulayaraq bildirib ki, artıq 5 ildir bu əlamətdar gün münasibətilə müxtəlif idman tədbirləri keçirilir. O, Bakı şəhər Gənclər və İdman İdarəsi, eləcə də Nəsimi rayon Gənclər və idman sektoru ilə birgə təşkil olunan futzal turnirinin artıq ənənə halını aldığını deyərək, yarış iştirakçılarını, xüsusilə də qalibləri təbrik edib və onların gələcəkdə digər idman yarışlarında da fakültəni və universiteti layiqincə təmsil edəcəklərinə inandığını diqqətə çatdırıb.
Mükafatlandırma mərasimində Məharət Rzayev, Sirac Axundov və Qarabağ qazisi, Hərbi tibb fakültəsinin məzunu Qasım Qasımov da çıxış edərək Zəfər Gününün 5-ci ildönümündə şəhidlərimizi ehtiramla yad salıb, qazilərimizə minnətdarlıq ifadə ediblər. Ali Baş Komandanın uğurlu siyasəti və xalq-ordu birliyinin bu qələbənin əsasını qoyduğunu xatırladan natiqlər, hərbi sahədə peşəkarlığın və ixtisas biliklərinin əhəmiyyətindən söz açaraq yüksək səviyyədə təşkil olunmuş yarışların qaliblərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda futzal üzrə komanda yarışlarının qalibləri mükafatlandırılıb. “Yaşma” komandası I, “Laçın” II, “Nemesis” isə III yerə layiq görülüb. Qalib komandalara diplom və kuboklar, yarışlarda həkim kimi fəal iştirakına görə İlhamə Namazovaya isə xüsusi təşəkkürnamə təqdim olunub.