Bizi izləyin:
Heydər Əliyev
ATU-da ASSIP proqramı çərçivəsində startap mentorları sertifikatlaşdırıldı

ATU-da ASSIP proqramı çərçivəsində startap mentorları sertifikatlaşdırıldı

Azərbaycan Tibb Universiteti (ATU) akademik sahibkarlıq və innovasiya mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətini genişləndirir. Universitetin Elmi Tədqiqatların İdarə Olunması Departamenti bu il daha üç sertifikatlaşdırılmış startap mentorunun hazırlanmasını təmin edib. Yeni addım tibbi innovasiya ekosisteminin güclənməsinə və ATU-nun müəllimləri, tədqiqatçıları və tələbələri üçün yeni imkanların yaranmasına töhfə verəcək.

Yeni mentorlar İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşı Zemfira Nadirli, II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı Günay Səlamzadə və Əczaçılıq toksikologiyası və kimya kafedrasının əməkdaşı Püsən Məmmədova “Akademik Sahibkarlıq” (ASSIP) adlı milli proqram çərçivəsində xüsusi təlim keçiblər.

Proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) və Yeni Fikir platformasının dəstəyi ilə həyata keçirilir.

ATU-nun startap koordinatoru, dosent Ayət Cəfərova bildirib ki, yeni mentorların yetişdirilməsi yalnız təlim nəticəsi deyil, həm də universitetdə baş verən sistemli dəyişikliklərin göstəricisidir: “Bu proqram yeni bir mədəniyyətin başlanğıcıdır. Mentorlarımız müəllimlərə, doktorantlara və tələbələrə elmi ideyaları tibbi sahədə faydalı, innovativ həllərə çevirməkdə kömək edəcəklər.”

ASSIP (Academic Entrepreneurship-based Startup and Incubation Program) ölkədə akademik mühitdə innovativ düşüncənin inkişafına yönəlmiş əsas milli təşəbbüslərdən biri hesab olunur. Proqram universitet elmini sahibkarlıq yanaşması ilə birləşdirərək tədqiqatçıların bilik yaratmaqla yanaşı, həmin bilikləri cəmiyyət üçün dəyərə çevirməsinə şərait yaradır.

Yeni mentorların hazırlanması ATU-nun daxili innovasiya ekosistemini gücləndirəcək. Universitetdə elm tədricən texnologiya ilə iqtisadi dəyər yaradan modelə keçir, müəllim isə innovasiyanın aparıcı daşıyıcısına çevrilir. Bu proses qlobal təhsil tendensiyalarına – universitetlərin bilik ötürməkdən dəyər yaratmaq modelinə keçidinə uyğundur.

ATU üçün bu nailiyyət təkcə lokal uğur deyil, həm də akademik mühitin milli innovasiyaların hərəkətverici qüvvəsinə çevrilə biləcəyinin bariz nümunəsi kimi dəyərləndirilir. Burada ideyalar praktiki güc qazanır, elm isə insani ölçü alır.

 

Paylaş

Dostlarınız ilə paylaşın.