Bizi izləyin:
Heydər Əliyev
ATU-da kişi sağlamlığı mövzusuna həsr olunan tədbir keçirilib

ATU-da kişi sağlamlığı mövzusuna həsr olunan tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasında 19 noyabr – Beynəlxalq Kişilər Günü münasibətilə tədbir keçirilib. Tədbiri kafedra müdiri, professor Fərid Mahmudov açıb.

Bildirib ki, dünyada kişi sağlamlığı mövzusu son illər diqqət mərkəzinə gəlib: “Bu sahədə problemlər cəmiyyətin həyat tərzindən tutmuş, ailədaxili münasibətlərə qədər geniş bir spektri əhatə edir. Müasir dövrümüzdə kişilər üçün ən aktual problemlərdən biri cinsi yolla keçən xəstəliklərin sürətlə artmasıdır. Bu istiqamətdə nə qədər mübarizə aparılsa da, xəstəliklərin yeni növləri yaranır və yoluxma halları azalmaq əvəzinə artır”.

Professor, belə bir günün keçirilməsinin cəmiyyətimiz üçün böyük faydasından söhbət açıb. Qeyd edib ki, 1970-ci ildə aparılan tədqiqatlara görə, 20-40 yaşlı kişilərin sperma göstəriciləri orta hesabla 96 milyon olub: “2010-cu ildə eyni parametr üzrə nəticələr 45 milyon olaraq qeydə alınıb. Bu da onu göstərir ki, 40 il ərzində göstəricilər iki dəfədən çox azalıb. Bu tendensiya yaxın gələcəkdə uşaqların sağlamlıq vəziyyətinə ciddi təsir göstərə bilər”.

Tədbir zamanı kafedra müdirinin müavini Fikriyyə Balakişiyeva da kişilərin üzləşdiyi sağlamlıq problemlərindən danışıb. Bildirib ki, 1980-ci illərdə Azərbaycanda sperma analizləri ciddi çətinliklə aparılırdı: “O zaman yalnız bir-iki laboratoriya spermatozoidlərin hərəkət qabiliyyətini yoxlaya bilirdi. Həmin dövrdə sağlam görünən gənclərin analiz nəticələrində spermatozoidlərin hərəkətlilik göstəriciləri 30-40% aşağı idi ki, bu da sonsuzluq riskini artırırdı”.

F.Balakişiyeva, zamanla ekoloji dəyişikliklər, hərəkətsizlik və cinsi yol infeksiyalarının bu problemi daha da dərinləşdirdiyini nəzərə çatdırıb. Əvvəllər prostat problemlərinin yalnız yaşlı kişilərdə müşahidə edildiyini, amma son illər belə halın cavanlarda da özünü büruzə verdiyini təəssüflə vurğulayıb. Səbəbini isə cinsi yol infeksiyalarının vaxtında müalicə olunmaması və hərəkətsiz həyat tərzi ilə əlaqələndirib.

Dosent Yunis Mirzəyev də kişi sağlamlığının aktual problemlərinə toxunub. Onun sözlərinə görə, kişi sağlamlığı yalnız fərdi məsələ deyil, həm də cəmiyyətin ümumi rifahına təsir göstərən amildir. Bu baxımdan müzakirələrin davamlı aparılması, ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə işlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Rezident İsmayıl İsmayıl kişilərin ən çox yoluxduğu yoluxucu xəstəliklər, xəstəliklərdən qorunma yolları, gigiyenik qaydalara necə riayət olunması və s. məsələlərə toxunub. Laborant Vahid Mahmudov isə xanımları kişilərə biganə yanaşmamağa, həssaslıq göstərməyə, onları qorumağa çağırıb. 

 

Paylaş

Dostlarınız ilə paylaşın.