Bizi izləyin:
Heydər Əliyev
ATU rektoru tanınmış xarici əczaçılarla görüş keçirib

ATU rektoru tanınmış xarici əczaçılarla görüş keçirib

Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Əczaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Əczaçılığın müasir problemləri” mövzusunda VI Beynəlxalq Konqres öz işini uğurla yekunlaşdırıb. Tədbir ATU-nun 95, ölkəmizdə ali əczaçılıq təhsilinin isə 85 illik yubileylərinə həsr olunmuşdu və dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimləri və mütəxəssisləri bir araya gətirib.

Konqresin ən önəmli məqamlarından biri Bakıda səfərdə olan tanınmış alimlərin ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü olub. Görüşdə Yakın Doğu Universiteti, Sağlıq Bilimləri İnstitutunun müdiri və farmakoqnoziya kafedrasının professoru Prof. Dr. Hüsnü Can Başer, Lokman Hekim Universitetinin əczaçılıq fakültəsinin dekanı və farmakoqnoziya kafedrasının professoru Dr. İlkay Erdoğan Orhan, Özbəkistan Respublikası EA-nın vitse-prezidenti, akademik S. Y. Yunusov adına Bitki Maddələrinin Kimyası İnstitutunun direktoru və Öliy Məclisin Senatının üzvü, 2007-ci ildə Özbəkistan Respublikasının birinci dərəcəli Dövlət Mükafatının laureatı akademik Saqdullayev Şahmansur Şahsaidoviç iştirak ediblər.

Görüş zamanı tərəflər əczaçılıq elmi və təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, klinik tədqiqatların inkişafı, tədris proqramlarının təkmilləşdirilməsi və uzunmüddətli tərəfdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. Qonaqlar ATU ilə birgə elmi layihələrin icrası, tələbə və mütəxəssis mübadiləsinin artırılması, innovativ dərman tədqiqatlarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinə dair konkret təkliflər səsləndiriblər.

ATU rektoru, professor Gəray Gəraybəyli, görüşdə universitetin elmi və tədris fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və tələbə-mütəxəssis mübadiləsinin inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib.

ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov konqresin məqsədləri və əhatə dairəsi haqqında danışaraq bildirib ki, tədbir müddətində qlobal əczaçılıq tendensiyaları, innovativ tədqiqatlar, elmi yeniliklər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub, müxtəlif elmi sessiyalar və panel müzakirələri təşkil edilib.

Görüşün konqresin ən məhsuldar və strateji əhəmiyyətli hissəsi kimi dəyərləndirildiyi bildirilir. Tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev və Elmi departamentin rəhbəri, professor Eldar Qarayev də iştirak ediblər. VI Beynəlxalq Konqres həm elmi müzakirələr, həm də yeni əməkdaşlıq perspektivlərinin formalaşdırılması baxımından əczaçılıq sahəsində mühüm platforma kimi yadda qalıb.

Paylaş

Dostlarınız ilə paylaşın.