
28–29 noyabr 2025-ci il tarixlərində Xəzər Universitetinin təşkil etdiyi “4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı: Problemlər və Həlləri” uğurla başa çatıb. Tədbirdə Bioloji kimya kafedrasının əməkdaşları və magistrantları fəal şəkildə çıxış ediblər.
Konfransda kafedranın müdiri, professor Gülnarə Əzizova, həmçinin II kurs magistrantları Zeynalzadə Püstə, Qədirova Maya, Ağayeva Əfsanə, Abdullayeva Gülşən və Qədirli Həbibə poster məruzələri ilə iştirak ediblər. Kafedranın doktorantı Həsənova Humay isə “Metabolik sindromla yanaşı inkişaf edən ürəyin işemik xəstəliyi zamanı adipokinlərin tədqiqi” mövzusunda şifahi çıxış edib və məruzəsi geniş maraq doğurub.
Bu ilki konfrans bir sıra nüfuzlu milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirin birgə təşkilatçıları sırasında Azərbaycan Tibb Universiteti, Vəli Axundov adına Azərbaycan Milli Tibbi Profilaktika ET İnstitutu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İsveç Kənd Təsərrüfatı Elmlər Universitetinin (SLU) Molekulyar Elmlər Departamenti (SI və Baltik Dənizi Qonşuluq Proqramı tərəfindən dəstəklənən LEARNSAVE layihəsi çərçivəsində), Qazax Milli Aqrar Tədqiqat Universiteti və Qafqaz Universitetlər Assosiasiyası yer alıb.
Konfrans çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasındakı əlaqələr, iqlim dəyişikliyinin təsirləri, süni təhdidlər, xəstəliklərə nəzarət, eləcə də davamlı və dözümlü qida sistemləri mövzuları geniş şəkildə müzakirə olunub. Həmçinin iştirakçılar planetar davamlılığın təmin edilməsi üçün vacib olan sübutlara əsaslanan tədbirləri, həll yollarını və ən yaxşı təcrübələri paylaşmaq imkanı əldə ediblər.