
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva 28 noyabr tarixində Qazaxıstanın Qarağanda şəhərində keçirilən “İşləyən əhalinin sağlamlığına nəzarətin innovativ texnologiyaları: multidissiplinar yanaşma” adlı Beynəlxalq Elmi-praktik konfransda iştirak edib.
Tədbir Qazaxıstanın “Əmək gigiyenası və peşə xəstəlikləri Milli Mərkəzi” Qeyri-kommersiya Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Konfransda Azərbaycanla yanaşı Özbəkistan, Qırğızıstan, Rusiya üzrə mütəxəssislər, Qazaxıstan Parlamenti deputatları, müvafiq nazirliklərin rəsmiləri, yerli icra hakimiyyəti və Qazaxıstan Həmkarlar Konfederasiyasının rəhbərliyi iştirak ediblər.
Plenar iclasda ATU adından çıxış edən Şəhla Balayeva konfrans təşkilatçılarını və iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Qarağanda Tibb Universitetində keçirilən 3-cü plenar sessiyada dosent Balayeva moderatorluq edib və “Tədrisin təşkili ilə əlaqədar yaranan xəstəliklər və profilaktikası” mövzusunda təqdimatla çıxış edib.
Konfrans çərçivəsində o, təşkilatçı Mərkəzin fəaliyyəti ilə tanış olub, eyni zamanda Qazaxıstanın əmək gigiyenası və peşə xəstəlikləri üzrə mütəxəssisləri, həmçinin ölkənin Tibb Universitetlərinin “İctimai sağlamlıq”, “Tibbi profilaktika” və “İctimai səhiyyə” ixtisasları üzrə çalışan professor-müəllim heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.